Bu gün Ordumuzun General-mayoru 42 yaşlı Polad Həşimov Tovuz istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
4 il əvvəl aprel döyüşlərində göstərdiyi xüsusi şücaətə görə ordenlə təltif edilmiş və ona dövlət tərəfindən ev verilmişdi.Polad Həşimov həmin evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlamışdı. 2011-ci ildə Kəlbəcər ərazisindən qızıl çıxarılması və daşınmasına mane olmaq üçün şəxsən özünün başçılıq etdiyi əməliyyatla əsas dağlarda yerləşən ən vacib mövqeni ələ keçirərək, Azərbaycanın təbii sərvətlərinin düşmən əlinə keçməsinin qarşısını almışdı. Bundan əlavə, 2016-cı ilin aprel döyüşləri zamanı Talışdağ istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girib və düşmən tərəfin onlarla əsgərini məhv etmişdi. O, aprel döyüşlərinin qəhrəmanı hesab edilirdi. Qeyd edək ki, 2014-cü ilin 25 iyununda Azərbaycan Prezidentinin sərəncamı ilə polkovnik-leytenant Polad İsrayıl oğlu Həşimov 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub. 2019-cu ildə isə general-mayor rütbəsinə layiq görülüb.
Azərbaycanın müasir hərb tarixində ilk şəhid general Polad Həşimov II Fəxri Xiyabanda dəfn ediləcəkdir.
Polad Həşimovun həyatını itirməsinə çox üzüldük.Ailəsinə və yaxınlarına başsağlığı diləyirik, etdiyi hər şeyə görə ona təşəkkür edirik!
Onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Albert Eynişeydi

Оставить комментарий