Bayramlar bu yaxınlarda sona çatdı. Bakılılar bir həftə istirahəti, Yeni ilin qarşılanmasını və Köhnə ilin yola salınmasını qeyd etdilər. Bütün bunlar səs-küylü qonaqlıqlar, çoxlu delikates və alkoqolla müşayiət olunurdu. Təbii ki, bu cür şən həyat rejimi orqanizmimizə, əsas da qaraciyərə təsir etməyə bilməzdi. Odur ki, FRIDAY.az komandası həkim hepatoloq Zaur Orucova müraciət etdi, o, qaraciyəri necə qaydasına salmaqdan və onun vəziyyətindən həmişə xəbərdar ola bilməkdən danışdı.

 

— Deyə bilərsizmi, qaraciyərə nəzarət etmək nə qədər vacibdir və bu orqanın əsas funksiyaları nələrdir?

— Qaraciyər mahiyyətcə, orqanizmimizin əsas detoksudur. Bu orqan bütün toksinləri neytrallaşdırır və onların bizə daxildən zərər vurmasının qarşısını alır. Bununla yanaşı, qaraciyər yağda həll olan vitaminləri özündə toplayır və zərurət anında onları işə salır. Qaraciyərin bütün funksiyalarını sayıb qurtarmaq olmaz, onların sayı yüzlərlədir.

— Bayram ərəfələrində qaraciyər necə əziyyət çəkir? Ona qida, yoxsa alkoqol ziyan vurur?

— Şübhəsiz ki, bayram ərəfələrində insanlar o ki var, əylənirlər və ənənəvi rasion və qida rejimini unudaraq, böyük miqdarda yemək və alkoqol qəbul edirlər. Bu da təbii ki, qaraciyərin vəziyyətinə təsir edir. Burda qeyd edək ki, biz sağlam insanın sağlam qaraciyərindən danışırıq, çünki o, qidaya və alkoqola eyni cür reaksiya verir. Əgər qaraciyər artıq xəstədirsə, onda hər insan üçün vəziyyət individualdır. Qonaqlıqlara qayıdaq. Bizim insanlar qədərində içirlər və çox vaxt çərçivələrdən kənara çıxmırlar. Amma yeməkdə ifrata varırlar: çoxlu və yaxşı yeməyi sevirlər, əsas da şirin və yağlı. Belə yeməklər qaraciyərin piylənməsinə gətirib çıxaran sadə karbohidratlar ehtiva edir.

— Əgər insanlar artıq ifrat yeyib-içiblərsə, nə etmək olar?

— Bayram günlərində çox yeməyi götürsək, vəziyyət asan həll ediləndir. Fitneslə məşğul olmaq, yaxud da velosiped kirayə götürüb ərazidə bir neçə dövrə vurmaq lazımdır. Yaxşı olar ki, bununla daimi məşğul olsunlar. Əgər biz alkoqoldan danışırıqsa, burada ondan tam qurtulmağı məsləhət görərdim. Çünki alkoqollu içkilərin az miqdarda istifadəsi də özü ilə müsbət yox, böyük yan təsirlər gətirir.

— Yemək və alkoqoldan başqa, qaraciyərin işinə nə təsir edə bilər?

— Bizim orqanizmimiz elə qurulub ki, əgər bir orqan əziyyət çəkirsə, nəticədə digərləri də nasaz olur. Sağlam rejim və keyfiyyətli yuxu üçün orqanizmimizdə melatonin adlı maddə istehsal olunur, o, ağır gündən sonra orqanizmin bərpası üçün zəruridir. Yuxusuzluqdan orqanizm onu lazımi miqdarda istehsal etmir, bu da nəticədə bütün orqanların, o cümlədən, qaraciyərin fəaliyyətinə təsir edir. Habelə orqanizmdə düzgün su balansını qorumaq vacibdir. Daima su içsək, orqanizmdə hər şeyin qaydasında olacağına dair mifləri unutmaq lazımdır. Orqanizm nə qədər suya ehtiyacı olduğu özü bilir və əgər maye çatışmırsa, o, sizə siqnal verəcək. Orqanizmi susuzlaşdırmaq da təhlükəlidir, çünki su bütün orqanların, eləcə də qaraciyərin fəaliyyəti üçün zəruridir, onsuz həzm prosesi pozula bilər.

— İndi enerji içkiləri dəbdədir. Onlar qaraciyər üçün nə qədər ziyandır?

— Enerji içkiləri qəhvə, kola və ya meyvəli və təzə sıxılmış şirələr qədər zərərlidir. Onların hamısının ortaq nöqtəsi tərkiblərində şəkərin olmasıdır. Şəkər sadə karbohidratdır, bu haqda daha əvvəl danışmışdım. Əgər biz enerji içkisinin tərkibinə baxsaq, hansısa anlaşılmaz adları olan zəhərlər aşkar etməyəcəyik. Enerji içkisinin hər bir inqrediyenti ayrı-ayrılıqda ağlabatan miqdarda təhükəsizdir, amma onların birləşməsi heç bir fayda gətirməyəcək və tez-tez sui-istifadə etmək ziyanlı ola bilər. Məsələn, enerji içkilərinin tərkibində vitaminlər var, onlar yüksək dozada qaraciyəri zədələyə bilər. Odur ki, vitaminlər də problem yarada bilir.

— Əgər vitaminlər də ziyan vura bilərsə, antibiotiklər haqqında nə demək olar? Axı çoxları qrip vaxtı onlarla müalicə olunur.

— Əgər antibiotiklərdən danışırıqsa, bəri başdan deyək ki, qrip onlarla müalicə olunmur. Amma istənilən soyuqdəymə bakterial xəstəliklərə yol aça bilər ki, onları məhz antibiotiklərlə müalicə edirlər. Burada sizi müayinə edən və preparatlar yazan həkimin peşəkarlığı böyük əhəmiyyət daşıyır. Əgər şəxsin burnundan sarı selik axırsa və yaşıl bəlğəm gəlirsə, bu, daha çox bakterial infeksiyanın əlamətidir. Antibiotiklərin qəbulu üç gündən iki həftəyə qədər davam edir və 99 faiz hallarda onlar qaraciyərə zərərli təsir göstərmir. Amma qeyd etmək lazımdır ki, preparatların qəbulu zamanı içki içmək olmaz. Müalicə kursundan sonra özünüzə qulluq etməli, pəhriz saxlamalı və yuxunu bərpa etməlisiz. Həmçinin preparatları böyük miqdarda su ilə içmək lazımdır.

— Antibiotik kursundan sonra insanlar qaraciyəri bərpa etmək üçün preparatları tez-tez qəbul edirlər. Məsələn, Flukonazol və ya Essensiale. Bu nə dərəcədə düzgündür?

— Doğru deyirsiz, bu preparatlar əhali arasında çox populyardır. Flukonazol antibiotiklərdən sonra qəbul edilir ki, orqanizmi göbələkdən qorusun. Amma bu preparatı çox vaxt köhnə məktəbin həkimləri məsləhət görür, çünki sovet vaxtı o, çox yayılmışdı. Mənim də aid olduğum müasir, isbata əsaslanan tibbin nümayəndələri isə antibiotik kursundan sonra sadəcə profilaktika üçün Flukonazol yazmağa səbəb görmürlər, çünki o, orqanlara mənfi təsir göstərə bilər. Antibiotiklərin qəbulundan sonra mən pəhriz saxlamağı, yaxşı yatmağı və daima hərəkətdə olmağı məsləhət görürəm. Əgər Essensialedən danışsaq, məsələ Flukonazolla olduğu kimidir. Bu preparatın tərkibində qaraciyərimiz üçün zəruri olan essensial fosfolipidlər var. Bizim gündəlik rasionumuzda fosfolipid çatışmazlığı tez-tez rast gəlinmir, onlar ləpələrdə və bir çox başqa ərzaqlarda var. Amma çatışmazlıq varsa, bu halda Essensiale faydalı ola bilər. Lakin essensial fostolipidlərin miqdarını qaldırmaq üçün preparata onqat artıq pul vermək lazım deyil, eyni tərkibli bioloji aktiv əlavələri internetdən əldə etmək olar. Məsələn, Amerika istehsalı olan.

— Biz hamımız sağlam qaraciyərdən və onu necə qorumalı olduğumuzdan danışırıq. Bəs əgər qaraciyər artıq xəstədirsə? Hansı simptomlar buna dəlalət edə bilər?

— Əslində heç bir. Qaraciyər heç vaxt ağrımayan orqandır. O, yalnız bir qədər sızıldaya bilər. Əgər siz hətta sağ böyrünüzdə ağrı hiss etsəniz də, bu ya qaraciyərlə bağlı olmayan problemdir, ya da onun vəziyyəti o qədər pisləşib ki, qonşu orqanlarda əks olunmağa başlayıb. Vaxtaşırı tibbi müayinə keçməyən insanlar xəstə qaraciyərlə uzun illər yaşayaraq, heç bir simptom hiss etməyə bilərlər. Odur ki, qaraciyərdən arxayın olmaq üçün ildə bir dəfə USM və həkim müayinəsindən keçmək lazımdır.

— Və nəhayət, ən qorxulusu. Çoxları hepatit B və ya C-ə yoluxmaq qorxusu ilə yaşayır. Özümüzü bu viruslardan qorumaq üçün nə etmək lazımdır?

— Əgər insan hepatit B xəstəliyindən qorxursa, o, vaksinasiya keçməlidir. İynəni vurdur və rahat ol. Hepatit C ilə məsələ daha qəlizdir. Təbii ki, virusa yoluxmamaq üçün tanımadığınız partnyorla seksual akt zamanı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır (əgər söhbət hepatit B-dən gedirsə. Hepatit C cinsi yolla ötürülmür). Amma əgər bəxtiniz gətirməyibsə, təşvişə düşmək lazım deyil. Xəstəlik 3 ay ərzində sağalır. Hepatit C-ə qarşı təəssüf ki, vaksin yoxdur, amma hepatit B-dən fərqli olaraq, ona yoluxmaq ehtimalı daha aşağıdır.

— Bayramlardan sonra qaraciyərimizin xilasıyla əlaqədar faydalı məsləhətlərinizə görə çox sağ olun.

— Siz də sağ olun. Sağlam qalın və xəstələnməyin!

Mətn: Nikita Yudin

Şərh qoy