Tövsiyələrə baxmayaraq, insanlar evdə otura bilmir və daima təmiz havaya çıxmağa, yaxud da ərzaq mağazasına getməyə can atırlar. Təbii ki, küçəyə çıxanda maska, əlcək geyinib, spirtlə silahlanaraq özümüzü qorumalıyıq. Bu cür qorunmanın nə qədər effektiv olduğunu həkim Zaur Orucovdan öyrəndik.

— Koronavirus pandemiyası dövründə bir insan çölə çıxarkən ilk növbədə nə etməlidir?

— O, ümumiyyətlə, çölə çıxmamalıdır. Lakin təcili xidmət əməkdaşları belə günlərdə işləməyə məcburdurlar. Biz həkimlər də iş başındayıq. Əgər kimsə, məsələn, bazarlıq etmək üçün evdən çıxmalı olubsa, evdən kənarda keçirilən vaxtı minimuma endirməlidir. Özünüzlə maska və sanitayzer (əl üçün antiseptik – müəl.) götürmək yaxşı olar. Təmiz havada gəzinti isə, şübhəsiz ki, vacibdir, amma insanlarla məsafə qoymağa (ən azı 2 metr) mütləq riayət edin.

 

— Apteklərdə müxtəlif tibbi maska və respiratorlar satılır. Onlar nə qədər effektivdir?

— Maskalara gəlincə, yalnız 95 nömrəli və ya FFP3 maskalar virusdan qoruya bilər. Özü də №95 uzun saçları və saqqalı olan şəxs üçün əlverişli deyil, çünki üzə çox kip oturur. Adi tənzif maskalar isə yalnız xəstəlik zamanı ətrafdakıları sizdən qorumağa uyğundur. Çox vaxt mən insanların üzündə PM 2.5 tipli maska görürəm. Təəssüf ki, onlar bunun məhz həmin maska olduğundan əmindirlər. Lakin PM 2.5 texniki və sənaye xarakterli bərk mikrohissəciklərdən qoruyur. Bunun virusdan qorunmağa heç bir aidiyyatı yoxdur. Üstəlik, yanlış təhlükəsizlik duyğusu verir və onu geyinənlərin ayıq-sayıqlığını zəiflədir. Belə günlərdə o maskalar elə də ucuz satılmır.

— Evdən çıxarkən rezin əlcəklər geyinmək mütləqdirmi?

— Mütləq deyil, heç nəyə əl vurmamaq yetərlidir. Əgər siz birdən nəyəsə toxundunuzsa, əllərinizi sanitayzerlə təmizləyin və üzünüzə əl vurmayın. Evə qayıdan kimi əllərinizi 20-30 saniyə ərzində sabunla yaxşıca yuyun.

— İndi şəhərdə tibbi maskaları tapmaq çətindir, onların əvəzinə nə istifadə etmək olar? Onları tualet kağızından düzəltmək nə dərəcədə effektivdir?

— Mən yuxarıda hansı maskaların virusdan qorumağa kömək etdiyini danışmışam. O tipə aid maskanı özümüz hazırlaya bilmərik. Amma əgər siz xəstəsinizsə, onda əldəqayırma maskalar və ya hətta şarf ətrafdakıları sizdən qoruya bilər.

— Çoxları indi buruna “Oksolin” mazı çəkməyi məsləhət görür. Bu üsul nə dərəcədə effektivdir?

— “Oksolin” mazı viruslara, o cümlədən koronavirusa yoluxmağa qarşı qəti kömək etmir.

— İnsanlara hansı aptekdən maska və spirt ala biləcəklərini öyrənməyə kömək edən sistemlər varmı?

— Artıq çoxdandır ki, apteklərin “qaynar xətti” (153) fəaliyyət göstərir. Ümid edirəm ki, onlar bu günlərdə də vətəndaşlara ən aktual məlumatları verməyə davam edirlər.

— Çoxları immuniteti möhkəmləndirmək üçün apteklərdən vitaminlər alır. Bunu etməyə dəyərmi?

— Vitaminlər, digər BAƏ-lər kimi, yalnız onlara ehtiyacı olan şəxslərə kömək edə bilər. Əks halda ziyan da vura bilər. Virusdan qorunmaq üçün onlara xüsusi ümid bəsləmək lazım deyil.

 

Şərh qoy