Rubrikamızın davamı olaraq, biz yenə öz suallarımızla şəhər sakinlərinə üz tutduq. Bu dəfə yerli filmlər haqqında soruşmağı qərara aldıq.

Rüfət Həsənov, rejissor

Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” filmi. Mənim üçün o, yəqin ki, Azərbaycanın kino tarixində ən yaxşı filmdir. Mustafayev bizim üçün ən ağrılı mövzu olan Qarabağ müharibəsi mövzusunda komediya çəkə bilib. O, bunu ustalıqla, asanlıqla, incə yumor hissi ilə, obyektiv və zövqlə edə bilib. Aktyor işindən tutmuş Rafiq Quliyevin operator işinə qədər – bu filmdə hər şey dünya səviyyəsindədir. Oberhauzendəki kinofestivalda 4 mükafat buna sübutdur. Amma o, 20-ci əsrdir. Əgər kinomuzun ən yeni tarixindən danışsaq, Elvin Adıgözəlin “Dumanda” filmini deyərdim, o da qısa metrajdır. Hesab edirəm ki, Azərbaycan kinematoqrafında yeni səhifə ondan başlayır. O, ilk filmdir ki, tamaşaçı ilə yeni kinodildə danışır. Bu filmi çox az adam bilir və ya izləyib, amma əminəm ki, gələcəkdə əgər kimsə Azərbaycanda 21-ci əsrin əvvəlinə aid kinematoqrafla maraqlansa, bu film hesablama nöqtəsi olacaq. O, sadəlövh, texniki cəhətdən natamamdır, amma yeni formasiyalı rəssamın dəst-xətti görünür və bu, mənim üçün hər şeydən vacibdir.

Ülviyyə Musayeva-Sadıxova, rəssam

Ən sevdiyim filmlərdən biri “Qaynana” filmidir, çünki orda gözəl aktrisa Nəsibə Zeynalova ifa edir. Bütün bu film səmimiyyət və yaxşı yumorla zəngindir.

Rüstəm Medov, səs rejissoru

“Bir cənub şəhərində” ən sevdiyim Azərbaycan filmidir. Filmdə Bakıya aid o qədər şey eyni anda toplanıb ki. Burda həm Neft Daşları, həm sovetski, həm də qaquliklər və “ana-bacı” var. O, həmin dövrə aid digər filmlər qədər sadəlövh deyil. Şəhərin dəlisi isə orda möhtəşəmdir. Filmin bütün personajları arasında ən müdrik olanı odur.

Lalə Ələkbərova, Park Cinema kinoteatrlar şəbəkəsinin PR-meneceri

Sevdiyim bir neçə film var: “Təhminə”, “Ölsəm bağışla”, “Yuxu”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Gün keçdi”, “Ötən ilin son gecəsi”. Ən sevdiklərim üçüdür, seçim edə bilmirəm, ona görə hamısını qeyd edəcəm: “Təhminə”, “Ölsəm bağışla”, “Yuxu”. Gəlin, ətraflı danışaq. “Təhminə” yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin motivləri əsasında çəkilib. Yaxşı kitabdır, amma film (həyatımda ilk dəfə) daha çox xoşuma gəlib. Burada hər şey gözəldir: həm aktyor oyunu, həm musiqi. “Ölsəm bağışla” filminə gəlincə, əgər “Təhminə”də əvvəl hər şey yaxşı olub sonra kədərli hal alırsa, burda tərsinədir. Sonda isə mən hər dəfə ilk dəfəymiş kimi ağlayıram. “Yuxu” isə – tamam başqadır, onu ümumiyyətlə, nə”köhnə” filmlərə, nə də “yeni” filmlərə aid etmək olmur. Mənim bu filmə sevgim çox subyektivdir, çoxları bəlkə də başa düşməz. Film özü də belədir, başqa şəhərdən və ya kənddən gələn adamı qoy “Yuxu”ya baxsın, yarısını başa düşməyəcək! Meyxana, palatka toyu, bazar, qonşular, söhbətlər, ləhcə – hər şey o qədər xoş, səmimi və özümüzünküdür ki. Bir də daha iki yeni film, daha doğrusu, birinin iki hissəsi, hərçənd onlar çox fərqlidir. “Pərdə” və “İkinci pərdə”. Ümumilikdə ikisi də xoşuma gəlir, amma birincisi yenə də daha yaxındır, baxmayaraq ki, çoxları əsasən ikincini sevir. Yuxarıda sadaladığım filmlər kimi gerçəkçidirlər, ifrat təmtəraqsız, axmaq zarafatlarsız, “düzgün” nitqsiz. Sadaladığım bütün bu filmlər hollivud filmlərindən geri qalmır. Hə, ola bilsin ki, onların hamısı “yerli ruhdadır”, amma çox gözəl və çox doğmadır.

Sayalı Bahar, yazıçı

Bu, «Bəyin oğurlanması»dır, çünki bu film bizdə necə kino çəkilməsi, toylar və Azərbaycan kəndi haqqındadır. Çox autentikdir.

 

Şərh qoy