Sentyabrın 17-si çoxdan gözlənilən “Sonuncu Pərdə” filminin qapalı nümayişi keçirildi və biz onu resenziyasız qoya bilməzdik.

İlk olaraq, əvvəlki hissələri izləməyən hər kəsə bu boşluğu mütləq doldurmağı tövsiyə etmək istərdim. Bu filmlər birbaşa əlaqəli olmasalar da, onlardan hər birində toxunulan mövzular cəmiyyətimizdə inanılmaz aktuallığa malikdir. Əmin olun ki, peşman olmayacaqsız. Hər üç film boyunca istər dekorasiya olsun, istərsə simalar və ya danışıqlar, nələrəsə qarşı ikrah hissi bizi tərk etmir. Bizdə istənilən güclü emosiyalara səbəb olan incəsənəti görməzdən gəlmək olmaz. Sevindirici haldır ki, Azərbaycan kinematoqrafı yenidən bunu etməyi öyrənir.

Bütün trilogiya vahid media üslubunda hazırlanmışdır və sözün açığı, bu, məni çox sevindirir. Rejissor hətta ilk iki filmin çox populyar olduğu halda gözlənilən mənfəəti toplamamasına rəğmən öz üslubunu qoruyub saxlayıb.

Filmin çəkilişləri zamanı komandanın çox böyük problemləri olub, çəkilişlərə başlamazdan bir neçə gün əvvəl onlar investorsuz qalıblar. Biz az qala filmi görməyəcəkdik, lakin əzmkarlıq möcüzə yaratdı. İlk iki film də beləcə, demək olar ki, investorsuz çəkilmişdi, lakin bu dəfə komanda əlbir oldu və cani-qəlbdən işlədi. Bütün komanda filmin çəkilişi üçün avadanlıqları tamamilə pulsuz təqdim edən İctimai TV-nin rəhbəri Balaş Qasımova minnətdarlığını bildirir. Bir çoxları təmənnasız işləməyə razı oldu, uşaqlara həm də könüllülər və trilogiyanın pərəstişkarları kömək edirdi.

Filmin özünə gəlincə, o, bütün gözləntiləri doğrultdu. Filmin ekranda baş verən hər şeyi hiperrealistik edən rəng qamması qorunub saxlanılmışdı. Və cərəyan edən hadisələr kimin üçünsə, belə deyək, sadəcə dörd ailənin hekayəsi kimi görünsə də, film özündə daha çox bilgi daşıyır. Biz səmimiyyət, şücaətlə qarşılaşırıq, cəmiyyətin anlayışsızlığını görürük, biz dostların pul müqabilində xainliyinə  və bahalı hədiyyələr tələb edən qızlara şahid oluruq. Paralel olaraq, bizə bu və ya digər seçimi etməli olan bir insan göstərirlər. Bu filmdə müzakirəyə layiq olan xırdalıqlar çoxdur, lakin bütün kartları açsaq, film çox sadə və darıxdırıcı olar. Hələlik isə ipucu vermək istəyirik ki, trilogiyanın hər seriyasında bütün hissələri bir-birilə əlaqələndirən bəzi detallar var. Sonluq hər zaman bizə natamamlıq hissi və yekunu özümüz seçmək hüququ bəxş edir.

Hazırda bu film  Park Cinema kinoteatrlar şəbəkəsində yayımdadır.

Və əgər Siz də trilogiyanın pərəstişkarısınızsa və hər üç filmdə ortaq detallar tapmısınızsa, onların hər filmdə harda təzahür etdiyini şərhlərdə qeyd edin.

Ziba Həsənova

Şərh qoy