Sonuncu Fashion Week Azerbaijan nümayişində Scandar kolleksiyası diqqətdən kənarda qalmadı, bunun üçün də ciddi səbəblər var idi. Çəkisi təxminən 40 kq olan 190 gəlincikdən ibarət ən müzakirə olunan gəlin donunu hazırlanmış gənc və istedadlı dizaynerin adı Anardır. STOCK şourumunda onun kolleksiyası ilə yaxından tanış olmaq olar. FRIDAY.az komandası şourumu ziyarət etdi və brendin yaranması, sosium və gələcək planlar barədə dizaynerlə söhbətləşdi.

— Nə olmasa, işləyə və yarada bilməzsiz?

— Müəyyən mövzu olmadan işləyə bilmərəm, kolleksiyaları elə-belə yarada bilmərəm. Mövzunu tapanda mən onu bütün daxilimlə hiss edirəm. Bəzən buna aylar sərf olunur, amma problemli mövzular tez həll olunmur. Kolleksiyanın mövzusu mənim üçün ilk növbədə daxili aləmin təzahürüdür.

— Siz çox vaxt öz nümayişləriniz üçün kəskin mövzular seçirsiz. Bu, nə ilə əlaqədardır?

— Tamamilə doğru qeyd etmisiz. Mənim üçün kolleksiya yaradarkən problemi qaldırmaq əsas məqsəddir. Nə qədər kobud səslənsə də, məhz neqativlik bizim yaddaşımızda uzun müddət həkk olunur. Pozitivi biz tez unuduruq. Eyni şey mənim nümayişlərimdə də baş verir. İnsanlar onları başa düşür, yadda saxlayır və gözləyir.

— Sizin ilk kolleksiyanız ruhi problemləri olan insanlara, ikincisi bərabərliyə və erkən nikahlara həsr olunmuşdu. Gördüyünüz işlərlə bağlı hansı təəssüratlarınız yaranıb?

— Çoxlarına elə gələ bilər ki, mən ikinci kolleksiyanı yalnız özümə diqqət çəkmək üçün yaratmışam, amma bu, belə deyil. Yaratdığım həmin obraz indi burdadır, kənar otaqda. Bu don mahiyyətcə, mənim 3-5 lukum qədər dəyərə malikdir. Mən onu yalnız özüm istədiyim üçün yaratmışam. Xərcə düşmədən də müəyyən bir ismarıc qoya bilərdim, amma qərara gəldim ki, bununla bilavasitə problemə diqqəti cəlb edə bilərəm.

— Hesab edirsizmi ki, bizim cəmiyyət belə şoulara hazırdır?

— Sözün açığı, xalqımızı yavaş-yavaş bu ismarıcla tanış etmək lazımdır. Məsələn, birinci şouda zil qaranlıqda zalda üç qəhrəman dəli köynəyində gəzirdi və fənərlə qonaqların üzünə işıq tuturdu. Belə bir başlanğıcdan sonra nümayiş başladı.

— İkinci dəfə isə tamamilə fərqli şou idi. Hər şeyə nəzarət etmək çətin oldumu?

— Bir qədər hə, amma çox maraqlı idi. Bu velkaminq də qəbul edildi. Mənim əsas məqsədim ziyarətçiləri nümayişdə görəcəkləri şeylərə hazırlamaq idi.

“Mən insanları kəskin kolleksiyalarla qorxutmağa can atmıram”


— Niyə məhz erkən nikahlar mövzusunu seçdiz?— Mənim üçün erkən nikahlar həyatı ən çox məhv edən hadisələrdən biridir. İş belə gətirib ki, bu mövzu kəskin sosial xarakter alıb və hamı ona diqqət ayırmağa başlayıb. Yayda kolleksiyanın üzərində işləyəndə mənə mənəvi cəhətdən köməklik edən hadisələr baş verirdi. Əmin idim ki, doğru istiqamətdə addımlayıram. Hə, bəlkə də dəhşətli səslənir, amma həyatın gerçəyi budur. Mən bütün bu ağrını daxilimdə yaşadım və kənarda dayana bilmədim. Günayı, Leylanı və başqa qızları itirməyimiz mənə rahatlıq vermirdi. Mən hətta xüsusi çarx hazırlamaq istəyirdim, amma onlar onsuz da çox idi. Onda mən çarx əvəzinə hamının xatırlayacağı şou təşkil etməyi qərara aldım.

“Bu problemə vaxt ayırmaq və insanların diqqətini çəkmək istəyirdim, və bunu öz üslubumda etdim”

— Bizə elə gəldi ki, sizin nümayişiniz çoxlarına toxundu. Bəs siz necə düşünürsüz?

— Mən fikir vermişəm ki, heç də hamı erkən nikahlara və sınmış talelərə toxunan mesajımı başa düşməyib. Çoxlarına elə gəlib ki, kolleksiya bizi genosid dövrünə aparır, kimlərsə əmin idi ki, obrazda Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan müharibəsini görür. Başqaları isə bu donu müharibə vaxtı uşaqlarını qoruyan qadının simvolu kimi görmüşdülər, bəziləri selektiv abortlar probleminə aid eləmişdilər. Mən şadam ki, hər kəs öz qəlbində qarşılıq tapıb, çünki ağrı heç hara getmir. O, bizim daxilimizdə yaşayır. Mənim üçün yad insanların reaksiyalarını görmək vacib idi. Ola bilsin ki, onlar məni məzəmmət edir, amma mənim xoşuma gəldi ki, nümayişdə bir çox qadınlar mənim ağrımı başa düşüb kövrəldi və onlar bu emosiyalara görə utanmadılar. Mənim uğurum məni yaxşı mənada çökdürdü. Çünki aylarla hazırlaşmışam, nümayiş isə bir neçə dəqiqə çəkir və indi qarşıda yeni məqsəd peyda olur.

— Nümayişdən kənarda bu donla tanışlıq necə keçdi?

— Don bir müddət hamının diqqət mərkəzində oldu. Ən maraqlı hadisə isə toylarla əlaqədar səhifədə baş verdi. Orda da əlbəttə ki, “Müəllif nə çəkib?” tipli, hətta təəccüb dolu şərhlər də var idi. Amma mənlə heç bir əlaqəsi olmayan insanların məni başa düşməsinə çox sevindim. Orada donun mövzusunu izah edən şərhlər az deyildi və onlardan hər biri əvvəlkindən nə iləsə fərqlənirdi. Belə bir vəziyyətdə müsbət şərhləri çox görmək çox həvəsləndirir.

— Sizin hədəf auditoriyanızı əsasən kimlər təşkil edir?

— Çoxları mənim müştəri bazamın yeniyetmələrdən ibarət olduğunu düşünməklə böyük səhv edir. Auditoriyama müxtəlif yaşlara aid, məsələn, 20 yaşdan 55 yaşa qədər insanlar daxildir. Bu insanların tamamilə fərqli olması məni sevindirir. Lakin Scandar heç də hamıya görə deyil: başıbağlı alıcılarımız var, parlaq saçlı kreyzipipl var. Scandar geyinmək üçün müəyyən həddə çatmaq lazımdır. Müştəri hansısa geyimi bəyənə bilər, amma təəssüf ki, onu necə təqdim edəcəyini bilməz. Və burada məndə uyğunsuzluq yaranır. Sözün açığı, mənim geyimlərim kiməsə uyğun gəlməyəndə sevinirəm.

— Elə olubmu ki, öz geyimlərinizi sata bilməyəsiz?

— İnanmazsız, amma hə. Geyimin müştərinin əyninə necə oturması xoşuma gəlmirsə, əgər insanı mənim obrazımda görmürəmsə, o əşyanı satmaya da bilərəm. Mən bir dəfə müştəriyə uyğun gəlməyən şeyi tikməmək üçün parçamın olmadığını dedim.

— Əslində parça var idi?

— Bəzən var idi. Elə hallar olub ki, sifarişi yerinə yetirmək çətin olmayıb. Amma əfsus. Qoy mənim 400 yox, 50 müştərim olsun. Lakin elə insanlar olsun ki, mənim kolleksiyamı dünyaya layiqincə nümayiş etdirsinlər. Onlar mənim əməyimə dəyər verəcəklər və bu və ya digər elementi necə təqdim edəcəklərini dəqiq biləcəklər.

“Mənimçün vacibdir ki, insanlar geyimlərimizi gözəl daşısınlar”

— Bu qaydaya gələcəkdə də əməl edəcəksiz?

— Mən öz əməyimə dəyər verirəm. Amma mass-market sahibi olanda mənə artıq birinci yerdə nəyin dayandığı maraqlı olmayacaq. Orda da Zara kimi, hər şey və hər ölçüdə olacaq. Əgər indi mənim kolleksiyamda 25 luk varsa, mass-marketdə ən azı 50 luk gözlənilir və onlardan hər biri 4-5 elementdən ibarət olacaq. Burda şübhəsiz ki, hər kəs öz ürəyincə geyim tapa və butiki alış-verişlə tərk edə biləcək.

— Bəs sizin kolleksiyanız əsasən nədən ibarətdir?

— Kolleksiyamda çeşidli geyimlər var. Onlardan hamısı yuniseks deyil. Ölkəmizdə məhz dizayner geyimləri geyinən kişilər azdır. Və əgər sırf yuniseks üçün işləsəm, müştərilərimi və deməli, maddi dəstəyimi itirəcəm, onsuz mənim kolleksiyalarım da olmazdı.

“Mənim üçün hər kolleksiyada müəyyən “level up” keçmək vacibdir”

— Siz moda həftəsində Nikita Okişevin nümayişi zamanı çox nigaran idiz. Bu, nəylə əlaqəli idi?

— Təəssüf ki, xalqımız hələ dəb nümayişlərinə tam hazır deyil, halbuki bizim supermüasir olduğumuz zənn edilir. Mən nümayişə nə qədər əmək, pul və əsəb xərclədiyimizi bilirəm, üstəlik əgər başqa ölkədə keçirilirsə. Sən hər şeyə görə narahat olursan. Və burda xalqımız (müəyyən şəxslər) düz nümayiş zamanı çıxıb getməyə başlayır. Sadəcə ona görə ki, onların qohumu artıq öz libaslarını nümayiş etdirib. Bu, tərbiyəsizlikdir. Məsələn, öz nümayişim zamanı düşünürdüm ki, kimsə mənə qarşı belə eləsə, beksteycdən çıxıb o adamı öldürəcəm (gülür).

— Nümayiş zamanı sizin üçün ən vacib olan nə idi?

— Mən çox diqqətli adamam. Mənim onlarla assistentim və qrim ustam ola bilər, amma mən hər şeyi şəxsi nəzarətimdə saxlamalıyam. Məhz buna görə mən avtomobili özüm idarə edirəm. Hətta qrim çəkiləndən sonra da yaxınlaşıb, xoşuma gəlməyəni düzəldə bilərəm. Mənim üçün vacib idi ki, gəlin musiqi bitənə qədər çox ağır donda öz yolunu sona çatdıra bilsin. Mən hər şeyi saniyəsinə qədər hesablamışdım və düz vaxtında çatdıranda başa düşdüm ki, bunu eləyə bildim. Amma çoxları kimi sevinmək və ya nümayişi bayram eləmək əvəzinə, mən dərhal mayda nə edə biləcəyimi düşünməyə başladım. Nümayişimin səhərisi depressiyam başladı, çünki başa düşürdüm ki, özümü təkrarlamağa haqqım yoxdur, mən daha yaxşı olmalıyam.

— Ən başda kim və ya nə sizə ilham vermişdi?

— Mənim idealım Aleksandr Makkuindir. O, həmişə şou göstərərkən mövzunu açırdı və bununla insanlara düşünmək üçün imkan yaradırdı. Üstəlik, biz onunla eyni gündə doğulmuşuq. Mən onun hər nümayişini ən azı 20 dəfə izləmişəm. İlhamlanıram və olduqca fərqli, amma güclü və canlı bir şey yaradıram deyə düşünürəm.

— Scandar-ı necə xarakterizə edərdiz?

— Scandar — asimmetriyadır, hansısa mənada kobudluqdur. Bu, kişi pencəyi geyinmiş qadındır. Scandar-ı in və yanla müqayisə etmək olar.

— Şou zamanı hansı modellər ürəyinizə yatdı?

— Mən işə kollektiv yanaşıram. Hesab edirəm ki, bu, təkcə mənim şoum deyil. Mənim modellərim idealdır. Onlar bacarıqlıdır, qarşıya qoyulan tapşırığı yerinə yetirə biliblər. Mən yəqin ki, tiranam, saatlarla məşqlər zamanı mikrofonsuz qışqıra-qışqıra onları öyrədirdim ki, lazımi yerişi, tempi və baxışı əldə etməyincə, dayanmayacağıq. Mən modellərlə dostluq edirəm. Bəli, mən emosionalam, amma bununla yanaşı, həmişə güzəştə gedə bilərəm. Mənim üçün model ilk növbədə insandır, sadəcə asılqan deyil. Məsələn, Krauza rahatlıqla dikdabanlı obrazı etibar edə bilərəm, bilirəm ki, o, qızlara da master-klass keçər. Ən çox Marina, Uma və Veronika xoşuma gəldi. Marina məhz mənim istədiyim kimi gəzdi. Fotoaparatların işıltıları qızğın şəkildə parladı. İki model də gəlmişdi. Az qala ağlaya-ağlaya iştirak etmək istəyirdilər. Mən iki obraz əlavə etməli oldum ki, onlar mənimlə olsunlar.

— Şoudan bir-iki saat əvvəl ən maraqlı məşğuliyyətiniz nə olub? Dizaynerlər necə əylənir?

— Əyləncəlik vaxtım yox idi. Yəqin ki, biz həmin vaxt Krauzun donunu şişirdirdik. O, daima boşalmaq üzrə olan şarlardan ibarət idi. Amma biz öhdəsindən gəldik. Krauz və Marina həmin gün digər nümayişlərdən imtina etdilər. Nigar nümayişdən 10 dəqiqə əvvəl qaça-qaça gəlib dedi ki: “Məni geyindirin!” Kulis arxasında mənə ən çox İrina (bərbər) və Nigar (meykap) kömək edirdi. Beksteycim nəhəng idi. Ən təəccüblüsü yəqin o idi ki, mən heç kimə heç nə ödəməmişəm. Mənim komandam böyük bir ailənin üzvləri kimi yanımda idi.

— Sonda oxucularımıza nə demək istəyərdiz?

— Cəmiyyətdə nəyisə dəyişmək istəyirəm. Baş verənlərə öz kolleksiyalarımla təsir etmək istəyirəm. Heç vaxt təslim olmayın, çünki biz hər şeyi dəyişdirə və insanların diqqətini cəlb edə bilərik. Mən özüm üçün heç də asan yol seçməmişəm, bu, bir növ depressiya mövzusudur. Amma yaşadığım bu depressiyadan hər dəfə müəyyən nəticə ilə çıxıram. Və əlbəttə ki, maydakı nümayişimi qaçırmayın. Ətraflı təsvir etməyəcəm, amma onu deyə bilərəm ki, növbəti kolleksiyam bütün dünya ilə bağlı olacaq.

Ziba Həsənova

Şərh qoy