Şərab Azərbaycanda populyar içkidir. Amma insanlar hələ də şərabdan anlamağı öyrənməyiblər. Odur ki, FRIDAY.az komandası şərab servisinin incəliklərinə enməyə və bu içkini restoranda düzgün seçməyi öyrənməyə qərar verdi.

ŞƏRAB SİFARİŞİ

Restorana gələn kimi ilk növbədə ofisiantdan şərab xəritəsini istəmək lazım deyil. Əvvəlcə, nuş etmək istədiyiniz təamlara göz gəzdirin və yalnız bundan sonra şərab barədə düşünün. Bahalı restoranlarda içkini seçməkdə somelye kömək edəcək, o, seçilmiş yeməyə ən yaxşı uyğun gələn aperetivi təklif edəcək. Əgər sifarişdə ət yeməkləri varsa, qırmızı, balıq varsa, ağ şərab götürmək arzuolunandır. Ofisiant yəqin ki, sizə restoranın populyar şərablarını təklif edəcək.

ŞƏRABIN VERİLİŞİ VƏ SÜZÜLMƏSİ

Şərab sifariş verdiyinizdən bir dəqiqə sonra ofisiant sizə şərab şüşəsini nümayiş etdirərsə, təəccüblənməyin. Bu jestdən üz çevirməyin. Özünüzü əsl bilici kimi göstərin və etiketə fikir verin – sifariş verdiyiniz şərab odurmu? Ola bilsin ki, ofisiant səhv edib. Əgər hər şey qaydasındadırsa, doldurulma ilinə baxın. Şərabın şüşədə nə qədər qaldığını biləcəksiniz. 1-3 il qalmış şərab cavan sayılır. Onu rahatca qədəhlərə süzmək olar. Əgər şərab cavan deyilsə, ofisiantdan onu dekanterə süzməyi xahiş edin ki, o, oksigenlə zənginləşsin və və öz ətir və dad buketini açsın. Şüşəni açarkən ofisiant tıxacı göstərməlidir. Əgər bunu etməyibsə, ona xatırladın. Tıxac şərab haqqında çox şeyi deyə bilər. Tıxacın bütövlüyünə fikir verin, sınıbmı, üstündə göbələk varmı, xoşagəlməz qoxu gəlirmi. Əgər hər şey qaydasındadırsa, şərabı yoxlamağa dəyər.

ŞƏRABI DADMAQ

Əvvəlcə şərabı sifariş edən şəxs dadır. Qədəhə 30-50 ml içki süzülür. Hətta siz onu dadsanız da, yoxlamaqdan imtina etməyin. Ola bilsin ki, şərab qıcqırıb. İçkini yoxlamamaqla siz özünüzü və qonaqları riskə atırsız. Onu dadmazdan əvvəl rənginə fikir verin, qədəhi bir qədər silkələyin və içkinin qədəh şüşəsində necə axmasına baxın. Əgər şərab cavandırsa, cəld, əgər köhnədirsə, yavaş axacaq. Sonra qoxusundan həzz almaq olar. Əgər peşəkar deyilsinizsə, bu qoxular sizə heç nə deməyəcək. Şərabı dadın. Onu iki dəfəyə qurtumlayın. Birinci qurtum yüngüldür. O, içkinin bütün dadını və tamını açmayacaq. Çalışın ki, şərab damağınızı və yanaqlarınızı islatsın (içəridən). Udun. Sonra ikinci qurtumu alın. Siz üzümün daha parlaq dadını hiss edəcəksiz. Unutmayın ki, qırmızı şərab otaq temperaturunda, ağ və çəhrayı şərab isə 10-12 dərəcədə olmalıdır. Qırmızı şəraba hətta yayda da buz əlavə etmək olmaz. Əgər içkini bəyəndinizsə, bu haqda ofisianta deyin. O, şərabı qonaqlara süzəcək. Hətta masa arxasında çox vacib qonaq otursa da, ofisianta kimə birinci şərab süzməli olduğunu deməyin. Əvvəlcə şərab qadınlara, sonra kişilərə süzülür, yaş nəzərə alınır. Siyahıda sonuncu olacağınıza hazır olun.

ŞƏRABI DÜZGÜN İÇİN

Beləliklə, şərab qədəhlərə süzülüb, qonaqlar dadından məmnundur və siz bilici kimi tanındız. Amma qəlyanaltılarda yanılmayın. Onlardan ən yaxşısı pendir (qırmızı şərab üçün — yumşaq, ağ şərab üçün — bərk), meyvələr (kivi, çiyələk, ananas) və ya bir qədər qovrulmuş badamdır. Turşuya qoyulmuş tərəvəzlər və ya acı qəlyanaltılar sifariş etməyin. Bura həmçinin isti un məmulatları, məsələn, qutab aiddir. Bundan başqa, şərabı çox bəyənsəniz belə, onu birdəfəyə içmək olmaz. Həzzi uzadın. Əgər qədəhdə içki qurtarıbsa, şüşəyə əl uzatmayın, diqqətsiz ofisiantdan xahiş edin ki, yenə süzsün. Əks halda siz özünüzü cahil kimi göstərə bilərsiz. Həmçinin şərab şüşəsinin səbətdə və ya kulerdə necə dayandığına fikir verin. Əgər o, başıaşağı çevrilibsə, ofisiant demək istəyir ki, içki qurtarıb.

Ümid edirik ki, şərab servisi barədə məsləhətlərimiz faydalı olacaq.

Mətn: Nikita Yudin

Şərh qoy