Pandemiya bir çox sahələrə güclü zərbə vurub. Azərbaycanda əsas sərmayə qoyulan turizm sektoru daha çox böhran keçirir. Sərhədlər bağlıdır, mehmanxanalar boşdur. Yerli hotellərin necə dolandığını Rich Hotel nümunəsində baş menecer Ruslan Babalı danışdı. 

—Çində epidemiya haqqında xəbər çıxanda təsəvvürünüzə gətirə bilərdinizmi ki, problem belə bir miqyas alacaq və biznesinizə təsir edəcək? 

— Baxmayaraq ki, yanvar və fevral ayları turizm sferasında “ölü dövr” və ya başqa dillə desək, lowseason sayılır, bizim Çindən gələn turistlər üçün böyük planlarımız var idi. Onlar məhz o vaxt Yeni ili qeyd edirlər və bir neçə turizm şirkəti Çindən qruplar gətirməyi və hotelimizdə məskunlaşdırmağı planlaşdırırdı. Amma təbii ki, pandemiya bu planları məhv etdi, daha sonra isə mart ərəfəsində Novruz üçün İrandan gəlməli olan qonaqların bronu ləğv edilməyə başladı. Ona görə də biz hələ sərhədlərdən bağlanmazdan və karantin rejiminin tətbiqindən əvvəl vəziyyətin çətinliyini hiss etməyə başladıq. 

— Karantin rejiminin tətbiqindən sonra hotelin qarşılaşdığı çətinliklərdən danışa bilərsinizmi?

— Sərhədlər bağlananda bu, ilk növbədə, Gürcüstan və İrana aid edildi, turistlərin bir hissəsi evlərinə dönməyə başladı. Bu məsələdə onlara səfirliklər kömək etdi. Azərbaycandan çıxa bilməyən və ya çıxmaq istəməyən turistlər isə hazırda hotellərdə yaşayır. Rich Hotel əcnəbilərlə 20% doludur. Təbii ki, bu cür hallarda hotel ziyan çəkir. 

— Bəzi yerli hotellər vətənə qayıtmış Azərbaycan vətəndaşları üçün yerləşdirmə xidmətləri təqdim etdilər. Siz də belə bir şey etməyi düşünmüsünüzmü? 

— Təəssüf ki, hotelimiz iri mehmanxanalardakı imkanlara sahib deyil. Bundan əlavə, Rich Hotel-də yaşayan qonaqların səhhətini riskə ata bilmərik. 

— Hotelin qonaqları karantin rejiminə necə riayət edir?

— Təbii ki, karantin rejiminin tətbiqi hoteldə yaşayan qonaqlara da şamil edilir. Xüsusi qaydalar tətbiq olunub: zərurət olmadıqda nömrələri tərk etmək və öz aralarında ünsiyyət qadağan olunub. Əgər qonaqlar işçi heyətlə danışırlarsa, mütləq məsafə saxlayırlar. Hotelin daxilindəki restoranlar da işləmir. Yeməyi nömrələrə işçi heyət gətirir, onlar maska və əlcəklə işləyirlər. Hotelin otaqları və ərazisi vaxtaşırı dezinfeksiya olunur. 

—Hotelinizin işçi heyəti əvvəlki rejimdə işləyir?

— Xeyr. Biz Türkiyə, Rusiya və Avropa ölkələrində tətbiq olunan praktikadan istifadə edirik. Biz işçi heyəti iki komandaya bölmüşük, onlardan hər biri bir gündən bir işə çıxır. Beləliklə, işçilər ayda 15 gün işləyir. Bu, ən optimal sistemdir və hotelin iş səviyyəsini qorumağa və qiymətli əməkdaşları itirməməyə imkan yaradır. Hazırda isə hesab edirəm ki, hər kəsdən möhkəm yapışmalıyıq. 

— Sizin yəqin ki, yay ayları və hətta payız mövsümü üçün də bronlarınız var idi. Onlar da ləğv olunub, yoxsa dondurulub?

— Əlbəttə ki, ləğv olunub. Yalnız sərhədlər açıldıqdan sonra biz tədricən əvvəlki iş rejiminə qayıdacağıq. Çoxları Azərbaycana gəlmək, görməli yerləri gəzmək istəyir. Bakı — Şərq və Qərbin vəhdətinin gözəl nümunəsidir. Bu da turistləri cəlb edir. Ona görə də düşünürəm ki, sərhədlər açılandan sonra biz çoxlu qonaqlar qəbul edəcəyik.

— Qonaqların diqqətini cəlb etmək üçün aksiyalar və ya endirimlər həyata keçirəcəksinizmi?

— Bəli, mütləq. Biz yenidən əvvəlki relslərə qayıtmaq üçün zəruri addımlar atacağıq. Endirimlər olacaq, lakin onlar təkcə turistlərə deyil, yerli sakinlərə də şamil olunacaq. Karantin rejimi ləğv olunduqdan sonra hotelimizdəki restoranlar və spa mərkəzi açılacaq. Bu da təbii ki, yerli müştəriləri cəlb edəcək. 

— Təxmini proqnoz verə bilərsinizmi, Rich Hotel əvvəlki iş rejiminə nə vaxt qayıdacaq?

— Nə qədər ki, sərhədlər açılmayıb, bu haqda danışmaq çətindir. Ən yaxşı halda sərhədlər mayın sonu və ya iyunun əvvəlində açılacaq. Yalnız onda böhrandan tədricən çıxış planını işləyib hazırlamaq olar. Ən müsbət ssenaridə vəziyyət Yeni ilə doğru stabilləşəcək. 

Hökumətimiz hazırki vəziyyətlə əlaqədar sahibkarlara dəstək göstərilməsi üçün müəyyən tədbirlər hazırlayır. Hotellərə köməklik göstəriləcəkmi?

— Ölkəmizdə hələ pandemiya başlamazdan əvvəl turizm sektorunun dəstəklənməsi və inkişafı üçün tətbirlər həyata keçirilirdi. Mən əminəm ki, hökumətin dəqiq planı var və o, həm hotellərin, həm də digər sahələrin əvvəlki vektora qayıtmasına kömək edəcək. Bu məsələlərlə, hesab edirəm ki, Dövlət Turizm Agentliyi məşğul olacaq.

— Böhrandan çıxdıqdan sonra hotel biznesi necə dəyişəcək?

— Dəyişikliklərdən qaçmaq olmaz. İnsanlar virusu heç də tez unutmayacaqlar və yeni pandemiya qorxusu havada dolaşacaq. Ona görə də yeni qaydalar tətbiq olunacaq. İlk növbədə, məsafə ilə bağlı. Məsələn, əgər əvvəllər qonaqlar qeydiyyat masasına çox yaxın dururdularsa, indi onlar və hotel əməkdaşları arasında müəyyən məsafə olacaq. Bundan əlavə, onlayn brondan sonra müştəriyə xüsusi kod göndəriləcək və o, həmin kodu hoteldə check-in zamanı təqdim etməli olacaq. Məlumdur ki, Avropanın bir çox hotelləri artıq yeni tip qapı kilidlərinə keçiblər, onlara nə açar, nə kart tələb olunmur, sadəcə QR-kod lazımdır. Habelə restoranın zalında masaların yeni düzülüş sistemi tətbiq olunacaq. Hər masa arxasında iki nəfər oturacaq. Və əlbəttə ki, məkanların yeni dezinfeksiya normaları tətbiq olunacaq.

Nikita Yudin

Şərh qoy