Zərgərlik sənətinə və zərgərlik əşyaları dəbinə aid çoxlu sayda məqalə və hekayələrin yazıldığı sirr deyil.

Onların arasında elələri var ki, şübhəsiz olaraq, gözəllik, zərafət, incəlik və ahəngdarlığına görə diqqətəlayiqdir. Ya sadə həvəskarlara, ya da zərgərlik sənətinin peşəkarlarına hesablanmış səs-küylü adları ilə cəlb edənlər də var. Elə hekayələr də var ki, öz cazibəsi, gözəllik və yaradıcılığın sintezi ilə həqiqi maraq doğurur. Söhbət bizə öz tariximizi xatırladan zinət əşyalarından gedir. Gözəl və vintaj zərgərlik məmulatlarına maraq son illərdə inanılmaz şəkildə artıb.

ReSM zərgərlik markası ilk növbədə qeyri-adi dizaynı, nadir rast gəlinən peşəkar tərtibatı və əlbəttə ki, yalnız milli mənbələrə və koloritə əsaslanaraq seçilmiş qiymətli daşların ahəngləri ilə diqqəti cəlb edir. Resm markasının məmulatları sanki əsrlərin ab-havasını və duyğularını təcəssüm etdirir.

Milli üsluba və koloritə malik müasir baxışla zərgərlik məmulatları yaratmaq qərarına necə gəldiniz?

–  Hekayə belə başladı. Mən motivlərimizi populyarlaşdırmaq üçün medium axtarırdım. Əvvəlcə geyimlər üçün eskiz və ornamentlərin yaradılması ilə maraqlandım. Tədricən və rəvan şəkildə zərgərlik məmulatlarının yaradılması qərarına doğru gəldim. Bu yolda bir neçə mərhələ və fikirlərdən keçərək, ideyamı həyata keçirtdim. Zərgərlik məmulatlarının ömrü uzun olur və onlar nəsildən-nəsilə ötürülərək xüsusi bir dəyər qazanırlar. Bu da ilhamvericidir. Nəcib metallardan hazırlanan məmulatlar isə daha gözəl göründüyü üçün onlarla işləməyə başladım.

İxtisasca diplomat olsanız da, siz fashion bazarını, luxury seqmentini, ən yaxşı təklif və bazarın digər iqtisadi parametrlərini öyrənmisiniz, yoxsa bunlar sadəcə könlünüzü xoş etmək üçün bir məhsul idi?

– Birmənalı olaraq, könül üçün məhsul idi. Milli rəmz və ornamentli məhz bu məhsulun alıcıda tələbat, anlayış, simpatiya və ya istəklərinin əksini tapacağına dair şübhələrim var idi. Bizim insanlarımız zərgərlik bazarında tamamilə fərqli təkliflərə vərdiş ediblər, razılaşarsınız ki, yeni, ekstraordinar bir şeyin yaranması maraq oyada bilərdi, amma alıcılıq qabiliyyətini yox. Amma daxili əminliyim var idi ki, hər şey düşündüyüm kimi olacaq. Özümün ilk kolleksiyamı yaradıb təqdim etdikdən sonra onunla vidalaşmaq istəmirdim. Odur ki, öz pilot kolleksiyamı tam şəkildə satdığım anda öz qəlbimin bir parçasını verdiyim məmulatlara qarşı bir həsrət hiss etdim.

Biz bilirik ki, atanız zərgərdir. Uşaq vaxtı sizə zinət əşyaları hədiyyə edilibmi? Yadigar nəsə varmı?

– Bəli, əlbəttə, ailədə hər iki qızın adına zinət əşyaları hazırlamaq ənənəsi var idi. Atamızın verdikləri ailədə çox diqqətlə qorunur. Mən gözəllik və orijinal zərgərlik əşyaları ortamında böyüsəmdə uzun müddət onlara qarşı biganə olmuşam. Hazırda mən zinət əşyası hədiyyə etməyin simvolik ənənəsini çox dəstəkləyirəm. Və burada yəqin ki, nəsillik bağları müəyyən rol oynayıb.

Milli motivlərin dizaynı ilə bağlı iş üslubunuzu qoruyub saxlamağı düşünürsünüzmü?

– Bəzən provokativ məmulatlar kolleksiyası hazırlamaq, bir müddətlik öz xarakter və üslubundan kənarlaşmaq fikri gəlir. Amma yenə də bizim zinət əşyalarımız sadəcə zərgər və dizayner təxəyyülündən yaranmır, burada tarixin elementi və ruhu özünü parlaq və aydın büruzə verir.

Siz tökmə, taraşlama, avtomatika, zəncirtoxuma maşınlarının idarə edilməsi, metalın lazer qaynağı və başqa proseslərə nəzarət edirsiniz, bunlar haqda yalnız çox səthi təsəvvürlərə malik olmaq olar. Bu terminologiya sırf kişi mühəndislik düşüncəsini nəzərdə tutur. Biz isə yekun nəticəni – unikal məmulatı görürük. Zərif bir qadında kişi və qadın peşələri necə cəmləşir?

– Zinət əşyalarının yaradılması üzərində mütləq mütəxəsisslər, modelyerlər, pərçimçilər, zərgərlər, taraş ustaları və s.-dən ibarət komanda işləyir. Amma zinət əşyalarının uzunmüddətli yaradılma prosesinin hər bir mərhələsini özüm müşahidə edirəm və hər şeydə həvəslə iştirak edirəm. Sizə daha çoxunu deyə bilərəm, aktiv tətbiqi iş zamanı gələcək məmulatın obrazına dair xırda ştrixlərin gəlməsi işimin ən sevimli hissəsidir. Xammalın başlanğıc gözəlliyi və unikal məhsulun yaranması arasındakı kontrast valehedicidir. İşimdəki ən böyük sevinc, özünəməxsus dopinq və məmnuniyyət məhz budur.

“Ədədlik” məmulat necə yaranır?

– İdeyanın şərəfinə. Bütün assosiasiyalar, həyat mənzərələrinin və hadisələrin vizual təsviri öz əksini yaradıcılıq və dizaynda tapır. Biz tələbatın arxasınca getmirik, individuallığımızı qoruyuruq, öz üslubumuzu saxlayaraq yaradıcılıq xəttimizə sadiq qalırıq.

Zərgərlik məmulatları həm də qiymətli daşlardır. Hansı daşlarla işləməyi sevirsiniz?

– Qiymətli və əlvan daşların seçimi, fakturası, qiymətlilik meyarı dizayndan asılıdır. İstənilən qiymətli daşlar, istər sapfir olsun, istərsə də zümrüd və ya süleymandaşı, çox müxtəlifdirlər, özünəməxsus gözəllikləri var, hazır məmulatın məzmununda forma və ifadələrinə görə fərqli ahəng yaradırlar. Bəzən ilk baxışdan nə rənginə, nə formasına görə uzlaşmayan daşları uyğunlaşdıraraq biz unikal gözəlliyə malik məhsul əldə edirik. Eksperimentlərdən qorxmamaq vacibdir. Mənim sevimli daşlarım çoxdur, amma ən sevimlisi sapfirdir.

Siz 2016-cı ildə İsveçrənin Bazel şəhərindəki sərgidə milli zərgərlik markasını təmsil etmisiniz. Bu, sizin Avropa sərgi səviyyəsinə ilk çıxışınız idi. İştirakdan hansı təəssüratlarınız var?

– Bir il əvvəl ReSM brendi Dubayda zərgərlik sərgisində iştirak edib. Bu il İsveçrənin Bazel şəhərində iştirak ideyası yaandı. Müraciəti və işlərin portfoliosunu göndərən kimi biz dərhal iştirakçı qismində dəvət olunduq. 30 metrlik pavilyon götürdük, stend quraşdırdıq, vitrinləri bəzədik, həmin an demək olar ki, bizdə olan bütün kolleksiyaları apardıq. Əminliklə deyə bilərəm ki, bu, çox ağır tədbirdir və nəhəng təcrübə bəxş edir. Az qala sınaq kimidir. Sərgi yetərincə uzun davam etdi, düz səkkiz gün. Bu müddət ərzində pavilyonumuzu çoxlu sayda insan ziyarət etdi. Stendlərin maraqlı tərtibatı sayəsində hamısını bir-bir izlədilər, vitrinlərimizə maraq göstərdilər, açıq-aşkar heyranlıq ifadə etdilər. Bu çox xoşdur. Təəssüf ki, sərginin nizamnaməsinə görə, satış qadağan idi, riayət olunma qaydalarını ekspertlər və müfəttişlər qoruyur və bütün sərgi müddəti ərzində zinət əşyalarının mövcudluğunu yoxlayırlar.

Prosesin texniki, daşınma və saxlanılma hissəsinə gəldikdə isə, ayrıca, olduqca yorucu prosedurdur. Çoxlu sayda təşkilati məqamlar var idi, amma hər şey əvəzolunmaz təcrübəmizi formalaşdırır və bu, çox dəyərlidir.

MyRESM layihəsi barədə danışın. Layihənin əsasını nə təşkil edir?

– MyRESMən yaxşı eskiz və tarixi məzmunda rəsm ilə bağlı uşaq müsabiqəsidir. Burada 6-16 yaş arası uşaqlar iştirak ediblər. Müsabiqə iyunun 1-i başlayıb və Ümumdünya Uşaqları Müdafiə Gününə həsr olunub. Müraciətlərin və rəsmlərin təqdim olunma vaxtı avqustun sonuna qədər davam edib və artıq nəticələr elan olunub. Bütün uşaqlara iştiraklarına görə müxtəlif mükafat və sertifikatlar təqdim edilib. Layihəmiz uşaqlar arasında rəsm istedadının üzə çıxarılması, böyüyən nəsil arasında rəsm və milli ornamentlərin öyrənilməsi bacarıqlarının tərbiyə olunması məqsədi daşıyırdı. Bu tədbirə mən həmçinin Bakı tarixinin möhtəşəm bilicisi Fuad Axundovu da dəvət etmişdim. Onun mühazirələri keçmişin dünyasına qərq edir, sanki hazırda baş verən mənzərələri çəkərək keçmiş, indiki və gələcək arasında paralellər aparır. Mükafatların təqdim olunma mərasimində Fuad müəllim Bakıda zərgərlik sənətinin yaranması və inkişafından bəhs etdi. Mühazirə həmişəki kimi möhtəşəm alındı.

Rəsminə xanım, maraqlı söhbətə görə təşəkkür edirik! Gözəl fəaliyyətinizdə sizə uğurlar diləyirik. Siz öz yaradıcılığınızla ənənələrə sevgini tərənnüm edirsiniz və həqiqətən də Azərbaycanın milli gözəllik və incəsənət mənbələrini ölkəmizin hüdudlarından kənarda tanıdırsınız!

 

Şərh qoy