Son hadisələrlə əlaqədar biz gecə-gündüz evdə oturmağa məcburuq. Bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacibdir, çünki meqapolislərdə yaşayan insanlar cəmiyyətin daha həssas qrupudur və yoluxa bilərlər. Bu isə öz növbəsində, böyük psixoloji problemlərə yol açır, çünki insanlar vaxtının daha çox hissəsini evdən kənarda keçirməyə və başqa insanlarla ünsiyyət qurmağa vərdiş edib.

Hazırda biz ailəmizlə evdə oturmaq, bu ağır günlərdə bir-birimizi anlamağı və dəstəkləməyi öyrənmək zərurəti ilə qarşı-qarşıyayıq. FRIDAY.az komandası insanların qapalı məkanda qalması haqqında filmlərin toplusunu hazırlayıb. Hər kəsin özünəməxsus davrandığı situasiyalara baxıb, özümüz üçün hansı nəticələri çıxaracağıq?

“QARAJ”

10 mart 1980-ci ildə Eldar Ryazanovun “Qaraj” bədii filmi prokata çıxdı. Hadisələr Elmi-Tədqiqat İnstitutunun nəzdindəki muzeyin qapalı sahəsində, qaraj kooperativi birliyinin iclasında cərəyan edir. O dövrün məişətini ələ salan maraqlı satirik monoqlarla yanaşı, müəlliflər müxtəlif psixoqrupların qapalı məkanda davranışını nümayiş etdirir: bəziləri sakit və soyuqqanlıdır, digərləri isə təşvişə düşür. Öz nişanlısının yanına qaçmağa can atan bəy obrazını canlandıran Borislav Brondukovun qəhrəmanı da maraq doğurur. İştirakçılardan kimsə gecəni muzeydə keçirmək təklifinə sakit yanaşır, digərləri isə hiddətlidir və gizlədilmiş açarları tapmağa çalışır. Bəziləri vaxtın gec olmağına rəğmən qarajların bölünməsi məsələsini həll etməyə hazırdır…

“MÜKƏMMƏL YADLAR”

Rejissor Paolo Cenovezenin çəkmiş olduğu italyan filmi 2016-cı ildə buraxılıb. Kinolentin bütün hadisələri dostların toplandığı evdə baş verir. Hər kəsin gizlətməli olduğu nəsə var. Şam yeməyi zamanı Yeva adlı qız (psixoanalitik) oyun oynamağı təklif edir — gələn SMS-ləri ucadan oxumaq, zəngləri isə ucadan bağlantıya qoymaq. Nəticə gözlənilməz olur…

““SƏHƏR YEMƏYİ” KLUBU”

Con Hyuzun 1985-ci ildə çıxmış ““Səhər yeməyi” klubu” filmi amerikalılar arasında dərhal populyarlaşdı. Bir çox rejissorlar onun çıxmasından sonra baş qəhrəmanları oynayan aktyorlara diqqət yetirdilər. Yeniyetmələrin psixologiyasından bəhs edən əsər gənclərə aid kinoların klassikasıdır və C.Hyuzun ən yaxşı filmi sayılır. Kinolentdəki hadisələr bir gün ərzində beş baş qəhrəmanın (idmançı, cinayətkar, şahzadə qız, çoxbilmiş və əcaib qız) başına gəlir. Bu kampaniyanı cəzalandıraraq dərsdən sonra məktəbdə saxlayıblar. Onlar əvvəllər ünsiyyətdə deyildilər, amma həmin gün bir-birilərini yeni, gözlənilməz tərəfdən tanımağa başlayırlar. Film yuxarı sinif şagirdlərinin əbədi problemlər haqqında dialoqları ilə maraqlıdır. Əgər əvvəlcə qəhrəmanlar bir-birilərinə sataşırdılarsa, sonradan “qırışma” söhbətə çevrilir.

“12 QƏZƏBLİ KİŞİ”

1957-ci ildə çıxmış film Sidni Lümetin rejissor kimi debütüdür. Müasir kinoşünaslar tərəfindən bu film bir çox hüquqşünaslar nəsli üçün nümunə kimi qiymətləndirilr, onu artıq 60 ildir ki, vəkillik məktəblərində göstərirlər. “12 qəzəbli kişi” məhkəmə dramıdır. Filmdəki hadisələrin cərəyan etdiyi qapalı otaqda oturan münsiflər 18 yaşlı oğlanın öz atasını öldürməkdə təqsirli olub-olmadığı barədə yekdil qərar qəbul etməlidirlər. 11 kişi müttəhimi birbaşa elektrik stuluna göndərməyə hazırdır və yalnız bir münsif bu qərardan razı deyil. Onu tanınmış amerikalı aktyor Henri Fonda oynayıb. Emosiya və xarakterlərin qarşıdurması haqqında hekayə çoxsaylı mükafatlar alıb. Kinolenti tam əminliklə dahiyanə adlandırmaq olar.

“QIRĞIN”

Ssenarist və rejissor Roman Polanskinin tragikomediya janrındakı filminin premyerası 16 sentyabr 2011-ci ildə baş tutub. Film Yasmina Rezanın “Qırğın tanrısı” teatr tamaşası əsasında çəkilib. Demək olar ki, bütün hadisələr bir mənzildə baş verir. Kouenlər evli cütlüyü Lonqstritlərin evinə gəlir ki, uşaqların tənəffüsdə davası ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırsın. Müəyyən məqamda baş qəhrəmanlardan biri viski şüşəsini açır və bundan sonra onların dördü də sərxoş vəziyyətdə olur. Mübahisə edənlər öz sözlərinə sərhəd qoymurlar. Onların bütün problemləri aşkara çıxır…

Müəllif: Qasımov Davud

 

Şərh qoy