Müasir dünyada aludəçi insanların sayı çoxalır: istər alkoqol olsun, istərsə də narkotik. Həqiqətən də, bu, ən ciddi problemdir. Hər kəs bu və ya digər şəkildə özünü və yaxınlarını müxtəlif zərərli vərdişlərdən qorumağa çalışır. XXI əsrin bəlası və narkotik və alkoqolizmlə mübarizə üsulları haqqında daha ətraflı öyrənmək üçün FRIDAY.az komandası psixiatr Əziz Mustafayevə müraciət etdi.

— Azərbaycanda, daha dəqiqi, təhsil müəssisələrində narkotik və alkoqolun zərərləri barədə mühazirələr aparılırmı?

— Bəli, yetərincə tez-tez narkoloqların və hüquq-mühafizə nümayəndələrinin iştirakı ilə.

— Asılılıq yaranmasının səbəbləri nədir?

— Psixiatriya nöqteyi-nəzərindən, asılılıq müxtəlif psixi pozuntuların nəticəsidir. Asılılığın arxasında həmişə bir səbəb yatır.

— Alkoqolizm və narkomaniyaya kim daha çox məruz qalır, kişilər, yoxsa qadınlar? Bizə həm də yaş hüdudları maraqlıdır.

— Rəsmi məlumatlara görə, Azərbaycanda narkotik asılılığı olan 32 min, alkoqol asılı olan 12 min pasiyent var. Bu məsələdə üstünlük kişilərdədir, amma reallıqda qadınların sayı aktiv şəkildə artır. Yaş kateqoriyası 18-30-dur. Amma yenə də, heç kim sığortalanmayıb.

— Azərbaycanda tütün asılılığını saymasaq, narkotik, yoxsa alkoqol asılılığı üstünlük təşkil edir?

— Rəsmi şəkildə narkotik asılılıq üstünlük təşkil edir, reallıqda isə alkoqolizm.

— Narkotik və ya alkoqol asılılığı nəyə gətirib çıxara bilər?

— Əgər qısa desək, ölümə. Amma ona qədər ailəni, işini itirmək, cinayət törətmək, eləcə də demək olar ki, bütün orqanların zədələnməsi kimi çox ciddi problemlərə. Bir sözlə, insanı əzablı həyat gözləyir.

— Yaxınlarımızı bu problemdən necə qoruya bilərik? Asılılıq yaranmasının qarşısını almaq olarmı? İlkin şərtlər nədir?

— İlkin şərtlər mühitdir: ailədə aludəçi şəxslərin olması, ağır psixi travmalar (yaxınlarını itirmək, posttravmatik stress pozuntusu), ciddi fiziki xəstəliklər, çox vaxt depressiya və bipolyar pozuntu. Sağlam mühit və ünsiyyət, yaxınlarla açıq və səmimi münasibət riski azaldır və müalicəyə kömək edir.

— Əgər yaxınımız artıq asılılığa düşübsə, bunu necə bilə bilərik: Belə halda hansı tədbirlər görmək olar?

— Tədbir təkdir — təcili şəkildə kömək üçün müraciət edin. Bir insanda asılılığı qəribə və qeyri-adi davranışlardan tanımaq olar. Amma burda özünüzü sığortalamalı və mütəxəssislə məsləhətləşməlisiniz.

— Necə düşünürsüz, müalicə ilə aludəçi insanın yaxınları, yoxsa dövlət məşğul olmalıdır?

— Hazırda narkoloji yardım dövlətin tam dəstəyi ilə həyata keçirilir. Amma təbii ki, ailə öz yaxınının müalicəsində aktiv iştirak etməlidir.

— Bütün karyeranız boyunca ən mürəkkəb hal barədə danışın. Aludəçi insanlarda residiv tez-tez olurmu?

— Sadə hallar olmur, onlardan hər biri özünə görə mürəkkəbdir. Çünki asılılıq bir sıra faciəvi amillərin nəticəsidir. Residivlər tez-tez olur. Müalicənin nə qədər hərtərəfli olmasından asılıdır.

— Məlumdur ki, narkotik aclığı zamanı insanı çarpayıya bağlayırlar ki, dözüb keçsin. Düzdür ki, narkologiyada da bu cür qəddar müalicə üsullarından istifadə olunur? Narkotik aclığına evdə dözmək mümkündürmü?

— Müasir müalicə metodları humanistdir: birinci mərhələ fiziki, ikinci psixi asılılığa yönəlib.Evdə dözmək olar, amma bu, çox çətindir. Hətta aludəçi insan bacara bilsə də, gələcəkdə mütləq kömək lazımdır. Qrup psixoterapiyası və 12 addım proqramı çox effektivdir.

— 12 addım proqramı nədir?

— 12 addım proqramını sosial-psixoloji model kimi müəyyən etmək olar. Hər addım bir prinsipdir, aludəçi insan onu tam dərk etməli, razılaşmalı və praktikada icra etməlidir. Proqramın mahiyyəti özünü dərindən dərk və koqnitiv və iradə strukturları vasitəsilə özünə nəzarətdədir. Yeganə və ən vacib şərt — aludəçi insanın sağalmaq istəyidir.

—Və nəhayət, biz, bu problemə biganə olmayan insanlar zərərli vərdişlərlə mübarizədə nə ilə kömək edə bilərik?

— Kömək sizin bu etdiyinizdən – problemi işıqlandırmağınızdan ibarətdir. Təəssüf ki, cəmiyyətdə hələ də bu cür problemlər danışılmır. İnsanlar tanışlarının qınağından qorxurlar.

Mətn: Buranova Nigina

 

Şərh qoy