Fevral gəlib çatıb, bu isə o deməkdir ki, kinoafişanı açmağın və bir ay qabaqdan filmlərə gedişi planlamağın vaxtıdır. Park Cinema kinoteatrlar şəbəkəsinin böyük ekranlarında bizi maraqlı nələrin gözlədiyi barədə FRIDAY.az komandasına PR-menecer Rüstəm Fətəliyev danışdı.

— Yanvarda siz Flame Towers-də “1917” filminin irimiqyaslı xüsusi nümayişini təşkil etdiniz. Coşğulu rəylər çox idi. Onu ən yaxşı nümayiş adlandırmaq olarmı?

— Hər bir xüsusi nümayişin təşkili üçün Park Cinema komandası böyük əmək sərf edir. Biz şadıq ki, zəhmətimiz belə yüksək qiymətləndirilir. “1917” filinin nümayişi həqiqətən də təntənəli oldu, amma düşünürəm ki, onda ekşen çatışmırdı. Gələcəkdə xüsusi nümayişlərdə biz mütləq bu nüansla məşğul olacağıq. Yeri gəlmişkən, “Yırtıcı quşlar” filminə qabaqcadan bilet satışı artıq başlayıb. Film Harli Kvinnin Cokerlə ayrılıqdan sonrakı həyatından bəhs edəcək. Düşünürəm ki, Harlinin “İntihar edənlər dəstəsi” filmindən və “Coker”in bu yaxınlardakı uğurundan sonra populyarlaşan obrazı bu kinolentə də xüsusi maraq yaradacaq.

— Bu ay bizi daha hansı premyeralar gözləyir? Eşitmişik ki, onlar çox olacaq.

— Bəli, bu ay deyəsən, premyeralara görə rekordçudur. Ən səs-küylü premyeralardan biri — Qay Riçinin Disney filmlərinə qısa fasiləsindən sonra qayıdışıdır. Nəhayət ki, biz unikal yumor hissi və təhlükə qarşısında inanılmaz soyuqqanlığı olan köhnə doğma ingilis qanqsterlərini görəcəyik. Bu filmdə ağlasığmaz ulduz heyəti toplanıb, bu da onu populyar edəcək. Həmçinin qeyd etmək istəyirəm ki, film yalnız Park Cinema şəbəkəsində nümayiş olunacaq. Çoxlarının gözlədiyi daha bir səs-küylü lent — “Qalmaqal” filmidir. O da ulduz adları ilə zəngindir, amma öz qalmaqallı süjeti ilə diqqəti çəkir. “Zabit və casus”, “Sonik”, “Doktor Dulittl”, “Tərcüməçilər” filmlərinə və rusların “Buz 2” lentinə də nəzər yetirmək lazımdır.

— Fevral balaca tamaşaçılar üçün sürprizlər hazırlayıbmı?

— Bəli, əlbəttə. Sabah “Vikinq Vik” cizgi filmi prokata çıxacaq, sonra isə biz “Sablezub”u göstərəcəyik. “Doktor Dulittl” və “Odla oyunlar” filmləri ailəvi baxış üçün nəzərdə tutulub. Üstəlik, bizdə hələ də ailəvi tarif qüvvədədir, ona əsasən biletlər almaq xeyli sərfəlidir. Baş zalım rolunu Cim Kerrinin oynadığı “Sonik” kinolentini də uşaqlar üçün hesab etmək olar. Amma 30+ nəslinə görə o, oyun konsolları üçün xoş nostaljidir.

— Bu ay yerli filmlər çıxacaqmı?

— Park Cinema Azərbaycan kinematoqrafını dəstəkləməyə davam edir və yerli filmlərin nümayişini məmnuniyyətlə həyata keçirir. Fevralda rejissorluğunu Vüsal Hacı Qadirin etdiyi Sevgi Romanı filmi ekranlara çıxacaq.

— Park Cinema kinoteatrlar şəbəkəsinin ziyarətçiləri üçün hər hansı yeni aksiyalar varmı?

— Ən sərfəli “3,30” aksiyası davam edir, eləcə də alış-verişi kassada və ya barda VISA kartı ilə ödəyən hər kəsi 10% endirim gözləyir.

Mətn: Nikita Yudin

 

Şərh qoy