Kişilərlə qadınlar arasındakı münasibətlər cəmiyyəti həmişə narahat edib. Bu mövzu sosial şəbəkələrdə ən çox müzakirə olunandır. Amma elə bu yaxınlarda Feysbukda peyda olan vloger Orxan Ayvazov Azərbaycan cəmiyyətinin problemlərini münasibətlər prizmasından nümayiş etdirməyi qərara aldı. Orxan dərhal ictimaiyyətin diqqətini özünə cəlb etdi. İndi hamı ondan yeni video gözləyir ki, şərhlərdə müzakirə edə bilsin. FRIDAY.az komandası vlogerlə tanış olmağa və ona bir neçə sual verməyə qərar verdi. 

—”Kişi və qadın arasında münasibətlər” mövzusunda maraqlı videoçarxlarınız sizə şöhrət gətirib. Bu ideya necə yaranmışdı? 

— Bu münasibətlərin psixologiyası mənə həmişə maraqlı idi. Başa düşürdüm ki, bu sahəni nə qədər dərindən öyrənməyə başlasam, bir o qədər yaxşı ünsiyyət qura, dostluq və romantik münasibətləri yarada biləcəyəm. Məlumdur ki, insan sosiumda yaşayır. Və xoşbəxt olmaq üçün ona digər insanlarla düzgün ünsiyyət lazımdır.

— Cinslərarası münasibətlər haqqında bilikləriniz hardandır?

— Mən özümün və başqalarının təcrübələrini birləşdirirəm, özümün və başqalarının hərəkətləri arasında səbəb-nəticə əlaqələrini təhlil edirəm, vəziyyəti gələcəkdə yaxşılaşdırmaq üçün müəyyən nəticələrə gəlirəm: necə düzəltmək və yoluna qoymaq olar, harda güzəştə getmək, səbr və mərhəmət göstərmək lazımdır, harda isə israrlılıq və inadkarlığı önə çəkmək lazımdır. Bundan əlavə, bilikləri müvafiq kitablardan öyrənirəm. 

— Necə düşünürsüz, sizi kimlər daha çox izləyir: kişilər, yoxsa qadınlar? 

— Hər ikisi. Bu onunla əlaqədardır ki, dərc etdiyim münasibətlər mövzusu həm kişilərə, həm də qadınlara eyni dərəcədə şamil olunur.

— Çoxları qeyd edir ki, videoda kifayət qədər cazibədar və spesifik intonasiya ilə danışırsınız. Bu, sizin gündəlik danışıq tərzinizdir, ya səsinizi məxsusi olaraq dəyişirsiniz? 

— Mən belə danışıram (gülür).

— Qəzəbli şərhlərə necə reaksiya verirsiniz?

— Mənfi şərh və rəylər məna yükü daşıyanda və videoma cavab ortaya qoyanda onlara reaksiya verirəm. Amma bu, sıradan və primitiv lağlağıdırsa, sadəcə məhəl qoymuram.

— Deyirlər ki, Kamran Razmovar sizin ardıcılınızdır. Kollaborasiya gözlənilirmi?

— Bəli, planlarımız var. Məsələ burasındadır ki, Kamranın həm münasibətlər, şəxsi həyat təcrübəsi, həm də maliyyə sahəsində öyrənməli olduğu şeylər var. 

— Çoxları sizin yeni videolarınızı gözləyir. Növbəti çarxı hansı mövzuda çəkməyi planlaşdırırsınız? 

— Elə dünən mən “Valideynlərlə və ayrı yaşayan yeni evlilər” mövzusunda videoanons etdim. Videonu mayın 20-si görə biləcəksiniz.

— Orxan Ayvazov FRIDAY.az-ın oxucularına hansı məsləhəti verə bilər?

— Əvvəla, öz işimi nümayiş etdirmək imkanına görə “Məni tap” qrupunun administrasiyası Yeva Braun (Eva Brown) və Meloni Lorenzoya (Meloni Lorenzo) ürəkdən təşəkkür edirəm. Əziz oxucular, gəlin və abunə olun, orda maraqlı şeylər çoxdur. İkincisi, meditasiya edin, yoldaşlar. Nəfəs meditasiyası praktikası ağıl, psixika və fiziki planda rahatlamağa kömək edir. Konsentrasiya güclənir, ətraf mühiti qavrama hissi və və yeni hadisələrə reaksiya artır. Ən əsası, siz stressə davamlı və sakit olacaqsınız. Gündə 5 dəqiqədən başlayın və tezliklə inanılmaz nəticələr görəcəksiniz. 

Nikita Yudin

Şərh qoy