2019-cu ilin sonunda Microsoft şirkəti Surface cərgəsindən olan qatlanan planşetinin ilk nüsxəsini təqdim etdi. Koronavirus infeksiyasının yayılması səbəbilə yeni məhsulun geniş buraxılışı bir qədər ləngimişdi. Məhz buna görə yeniliksevərlər qadcetin bütün üstünlüklərindən həzz ala bilmədilər. Amma bu yaxınlarda internetdə planşetlərin ilk test-drayvları və yeniliklər haqqında daha ətraflı məlumat peyda oldu və FRIDAY.az komandası sizi məmnuniyyətlə onlarla tanış edəcək. 

Surface Neo

Surface Neo planşetlə noutbukun hibridini — bir-biri ilə birləşmiş iki ekranlı cihazları özündə ehtiva edir. O, mobil cihazların məhsuldarlığının artırılması məqsədilə işlənib hazırlanmışdır. Surface Neo iki ayrıca 9 düymlü displeylə təchiz olunmuşdur, onlar isə Windows 10X ilə işləyən 13 düymlük ümumi işçi panel kimi açılır. 

Zahirən Surface Neo realizə olunmayan Microsoft Courier prototipinə bənzəyir, forma və ölçüsünə görə isə daha çox kitabı xatırladır. Cihaz ağıllı Bluetooh klaviaturası ilə təchiz olunub, onu maqnitlər vasitəsilə ekranın üzərinə müxtəlif şəkildə bərkitmək olar. Devaysın arxa panelinə Surface Slim Pen stilusu bərkidilir.

Surface Duo

Buraxılışı planlaşdırılan növbəti iki ekranlı devays — Surface Duo-dur. O, Android bazalı, 5,6 düymlük iki displeyə malik Surface smartfonunu özündə ehtiva edir, ekranlar 4,8 mm qalınlığında 8,3 düymlük ümumi ekran kimi açılır. Qeyd etməyə dəyər ki, Android əlavə etməklə, Microsoft bir çox müştərilərini təəccübləndirdi. Bununla yanaşı, hazırda PT nəhəngi Surface Duo formatlı cihazlar üçün ikili ekranların tətbiqini optimallaşdırmaq məqsədilə Google və başqa şirkətlərlərlə əməkdaşlıq edir. 

Surface book 3

IXBT portalı xəbər verir ki, zahirən bu yenilik əvvəlki modellə eynidir. Əvvəlki kimi, displeyi klaviaturadan ayırmaq və planşet kimi istifadə etmək olar. Ekran özü sensorludur və Surface Pen rəqəmsal qələmindən istifadə imkanını dəstəkləyir. 

Yenilik iki versiyada əlçatandır: 13,5 və 15 düymlük displeylə. Displeylərin təsvir ölçüsü barədə məlumat hələ ki, yoxdur. Lakin güman ki, o, sələflərindəki kimi yüksək olacaq (3240 x 2160 piksel). Kompüteri həm noutbuk, həm də planşet kimi istifadə etməyə imkan yaradan hibrid konstruksiya da qorunub saxlanılıb. Əvvəlki kimi, displeyli hissə klaviaturalı hissədən ayrı işləyə bilər. 

Qadcetin qiyməti – 1599 dollardan başlayır.

Microsoft Surface Go 2

“Planşet əvvəlki modelin ölçülərini saxlayıb (qalınlığı — 8,3 mm, çəkisi — təxminən 540 q), lakin ekran diaqonalı 10,1-dən 10,5 düymə yüksəlib”- Gagadjet portalı öz icmalında qeyd edir. 

İnterfeys çıxışlarının toplusu dəyişməyib – o, USB-C port, Surface firma konnektoru və microSDXC kart slotu ilə təmsil olunur. Lakin mikrofonlar yaxşılaşıb (“studiya mikrofonları” qeyd olunur), istifadəçilər videokonfranslar zamanı bunu hiss edəcəklər. 

Planşet müştərilərə müxtəlif daxili xarakteristikalarla təklif olunur, onlar qadcetin yekun qiymətinə təsir edir:

Intel Pentium Gold + 4 GB OYQ + 64 GB eMMC — $399

Intel Pentium Gold + 8 GB OYQ + 128 GB SSD — $549

Intel Core m3 + 8 GB OYQ + 128 GB SSD — $629

Intel Core m3 + 8 GB OYQ + 128 GB SSD + LTE — $729

Intel Core m3 + 8 GB OYQ + 256 GB SSD + LTE — $879

Microsoft Surface Headphones 2

Microsoft şirkəti Surface Headphones 2 qulaqlıqlarını təqdim edib, onlar 2018-ci ilin modelini əvəz edirlər. 

Bu, yenə də naqilsiz işləyə bilən taxma qulaqlıqlardır. Ancaq indi daha çox rahatlıq üçün ambuşurlar 180 dərəcə fırlana bilir. Belə görünür ki, Surface Headphones 2 həmin Free Edge 40-mm drayverləri və Qualcomm aptX kodekini dəstəkləyən Bluetooth 5.0 ilə təchiz olunub. Lakin avtonomluq 15 saatdan 20 saata yüksəlib. Qulaqlıqlar əvvəlki nəsildən 13 səviyyəli aktiv səsboğucu sistemini miras alıb, onun sayəsində səsləri və ətrafdakı küyü boğmaq və ya gücləndirmək olar. İdarəetmə sensorlu panellərlə həyata keçirilir. Surface Headphones 2 mayın 12-dən qara və boz rənglərdə əlçatan olacaq. Qulaqlıqların qiyməti 249 dollardır.

Microsoft Surface Earbuds

 

Tanınmış informator Roland Kvandt (Roland Quandt) özünün Tvitter səhifəsində xəbər verib ki, Microsoft Surface Earbuds tamamilə naqilsiz qulaqlıqları çox tezliklə Avropa ərazisində satışa çıxacaq. 

Xatırladaq ki, tamamilə naqilsiz ilk Microsoft Surface Earbuds qulaqlıqları ötən ilin oktyabrında təqdim olunub və 2019-cu ilin sonuna qədər satışa çıxmalı idi, lakin istehsalçı onların buraxılışını 2020-ci ilin baharına qədər təxirə salmağı qərara almışdı. 

Qulaqlıqlar orijinal dizaynı ilə fərqlənir – onlardan rəqiblərdə dəqiq yoxdur. Microsoft Surface Earbuds qulaqlarının özəlliklərinə toxunuş və jestləri tanıyan sensorlu paneli, aktiv səsboğucu sistemi, PowerPoint prezentasiyasını idarəetmə imkanını, eləcə də səs qeydlərini birbaşa ofis tətbiqetmələrinə göndərmək funksiyasını və real vaxt rejimində tərcüməni aid etmək olar. 

ABŞ-da qadcetin elan edilən qiyməti 250 dollardır. 

Nikita Yudin

Şərh qoy