Koronavirus pandemiyası ilə əlaqədar böyük narahatlıq fonunda ölkəmizə yeni bir təhlükə gəldi. Devalvasiya təhlükəsi. Yüzlərlə insan dollar almaq üçün valyutadəyişmə məntəqələrinə tələsdi. Amma təəccüb doğursa da, banklardakı məzənnə əvvəlki kimi qaldı. Azərbaycan valyutası ilə əslində nə baş verdiyini və bu cür sıçrayışlardan necə qazana biləcəyimizi Hajinsky & Nagiyev konsaltinq şirkətinin həmtəsisçisi Fərhad Hacınski danışdı.

Son həftə Bakıda virusla yanaşı, hamı valyutadan danışır. Valyutada hansı sıçrayışlar olub və bu nə ilə əlaqədardır?

Azərbaycanda milli valyutanın məzənnəsi əvvəlki kimi sabitdir, bu, milli valyutanın dünya praktikasında tətbiq olunan tənzimlənmə üsullarından biridir. Məzənnə sabit olduğu üçün isə sərbəst sıçrayışlar da ola bilməz. Yalnız Mərkəzi Bank (MB) inzibati qaydada məzənnəni dəyişə bilər və onu hər iş gününün əvvəlində kommersiya banklarına və ümumilikdə bazara elan edir. Son günlərdə müşahidə etdiyimiz isə neftin qiymətinin sürətlə düşməsi fonunda ölkə əhalisinin milli valyutanın möhkəm valyutalara (əsasən dollara) nisbətdə ucuzlaşacağına dair gözləntilərinə reaksiyadır. Lakin fakt göstərir ki, manatın dollara nisbətdə məzənnəsi əvvəlki kimi qaldı. Sadə dillə desək: “Azərbaycan əhalisinin irəli getmiş qismi” 6 martda OPEC+ iclası çərçivəsində baş tutmayan sövdələşmənin nəticəsi kimi martın 9-u neftin qiymətinin qəfil düşməsini öyrənərək və 2015-ci ilin mənfi təcrübəsinə istinad edərək, baş verənlərdə yeni devalvasiyanın siqnalını gördülər və bankların mübadilə məntəqələrinə qaçaraq, öz manat ehtiyatlarını dollara dəyişdilər. “İrəli getmiş” insanların manatı təhvil verdiyini görən digər insanlar da eynisini etməyə başladılar. Kütləvi isteriya başladı. Banklarda tələsik manatı dollara dəyişmək istəyən, amma bunu niyə etdiklərini tam bilməyən insanlardan ibarət növbə yarandı.

İndi dollar almağa və ya satmağa dəyərmi?

Hər şey valyutadəyişmə əməliyyatı edən insanın məqsədindən asılıdır. Əgər bu, gündəlik həyat fəaliyyəti ilə bağlıdırsa, ümumilikdə bir sadə qayda var: dollar öhdəlikləriniz yoxdursa (dollar kreditlərini ödəmək, xaricdəki uşaqların təhsilini ödəmək, xaricdən alınan malları ödəmək) və ya ölkədən çıxmağa hazırlaşmırsınızsa, dollar sizə lazım deyil. Bütün digər ödənişləri siz manatla həyata keçirirsiniz, belə ki, ölkə Konstitusiyasına əsasən Azərbaycan ərazisində bütün ödənişlər yalnız manatla həyata keçirilir. Bu halda siz dolları lazım olanda, yəni bilavasitə ehtiyacınız olduqda alırsınız.

Milli valyutanı dollara dəyişməyin daha iki səbəbi: siz əmanətlərinizi (yığdığınız və gündəlik həyatınızda istifadə etmədiyiniz pulları) daha çox güvəndiyiniz valyutada saxlamaq istəyirsinizsə, yaxud spekulyativ məqsədiniz varsa, yəni devalvasiyanı proqnozlaşdırmaq və onu qabaqlamaq, devalvasiyadan dərhal sonra isə onları satıb daha çox milli valyuta əldə etmək istəyirsinizsə.

Birinci halda sizin qərarınız bir çox amillərdən asılı olacaq, o cümlədən, pulları bankda depozit hesabında saxlayıb-saxlamamağınızdan. Əgər bir çox iqtisadi məqamları nəzərə almasanız, mübadilə məzənnəsində pulları itirmək riski böyükdür.

İkinci halda isə, məqsəd spekulyativ olanda məsələnin etik tərəfini nəzərə almaq lazımdır. Devalvasiya bir qayda olaraq, iki şəkildə olur: idarə olunan (məsələn, MB ixracatçıları dəstəkləmək üçün milli valyutanı qəsdən devalvasiya edəndə) və idarə olunmayan (ölkənin ticarət balansının saldosu mənfi olanda, yəni defisit varsa). Ticarət balansının defisiti, sadə dildə desək, o vaxt müşahidə olunur ki, ölkəyə daxil olan valyuta həcmi ölkədən çıxan həcmdən az olur. Amma bu hələ o demək deyil ki, ölkə dərhal öz valyutasını devalvasiya edəcək. Çünki milli valyutanın devalvasiyası ilk növbədə investorların ona olan etibarının itməsi deməkdir. Və bu halda milli valyutanı dəstəkləmək üçün qızıl rezervi istifadə olunur. Yəni MB valyuta ehtiyatları hesabına defisiti aradan qaldırmağa və idxalatçıları zəruri dollar kütləsi ilə təmin etməyə çalışır. Lakin həmin vaxt adi həyatında dollar ehtiyacı olmayan əhali zənginləşmək məqsədilə aktiv şəkildə dollar alırsa, ölkənin valyuta ehtiyatlarına əlavə təzyiq yaranır, nəticədə çıxılmaz vəziyyət baş verir. Ona görə də ölkəmizin hər bir vətəndaşı bu məsələyə şüurlu yanaşmalı və vəziyyəti daha da pisləşdirən və özünün də yaşadığı ölkənin iqtisadiyyatını zəiflədən addımlar atmamalıdır.

 

Deyirlər ki, dollar Azərbaycanda indikindən yuxarı olmalıdır, onun artmasını saxlayırlar. Bu düzdür?

Dediyim kimi, ölkəmizdə manatın məzənnəsi sabitdir və sərbəst üzən deyil. Yəni məzənnənin aşağı və ya yuxarı istiqamətdə mümkün qısamüddətli tərəddüdləri MB tərəfindən valyuta tənzimlənməsi alətləri vasitəsilə tarazlanır. Bu, normal praktikadır. Ona görə də MB-ın manatın məzənnəsini qoruması qeyri-adi hal deyil, çünki onu indi sərbəst üzməyə buraxmaq ola bilsin ki, dollara nisbətdə öz dəyərini müvəqqəti itirməyə səbəb olardı. Bu proses əks istiqamətdə də işləyir, manat sərbəst üzmə zamanı xeyli yüksək dəyərə də sahib ola bilər.

Ölkəmizdə bu cür valyuta sıçrayışlarından qazanc əldə etmək olarmı?

Valyuta sıçrayışlarından qazanc əldə etmək sərbəst üzən milli valyuta bazarlarında daha məqsədəuyğun olardı. Belə bir spekulyasiyanın parlaq nümunəsi 16 sentyabr 1992-ci ildə Sorosun alman markasına qarşı ingilis funt-sterlinqi alışı idi, həmin vaxt o, 1 milyard dollardan çox pul qazanmışdı. Sabit məzənnəli milli valyutası olan ölkələrdə yalnız devalvasiyanı qabaqlayaraq, təsadüfən qazanmaq olar (əgər spekulyativ qazancdan danışırıqsa). Lakin bunu proqnozlaşdırmaq ehtimalı çox aşağıdır, belə ki,devalvasiya haqqında qərara bir çox amillər təsir edir, onların heç də hamısı iqtisadi xarakterli deyil. Ona görə də bu sulara girməmək yaxşı olardı, xüsusən də bu məsələdən anlayışı olmayanlar üçün))

Vəsaitləri nəyə yatırmağı məsləhət görürsünüz? Avro? Dollar? Qızıl? Daşınmaz əmlak?

Bu suala istənilən maliyyəçinin cavabı belə olacaq ki, ilk növbədə riskləri diversifikasiya etmək lazımdır. Bu nə deməkdir? O deməkdir ki, bütün yumurtaları eyni səbətdə saxlamaq olmaz. Məsələn, bütün yığımlara bir daşınmaz əmlak almaq və ya bütün pulları eyni bankda eyni depozitə yatırmaq yanlış qərar olar. Ən başlıcası isə, pulların saxlanılmasını sərmayə anlayışı ilə, xüsusilə də spekulyasiya anlayışı ilə səhv salmaq olmaz. Əgər insan sadəcə öz əmanətlərini dəyərini zamanla itirmədən saxlamaq istəyirsə, ən yaxşı yol birmənalı olaraq, pulları ölkənin ən azı iki yüksək səviyyəli bankında müddətli depozit hesabına yatırmaqdır (iki müxtəlif valyutada da olar: deyək ki, manat və dollar).

Əgər əmanətlərinizdən daimi stabil qazanc əldə etmək istəyirsinizsə, bu halda həm depozit yatırımı, həm də hansısa biznesə sərmayə uyğun gələr. Vəsaitlərin hansı hissəsini depozit hesabına yatırmağı, hansını isə biznesə sərmayə qoymağı hər kəs fərdi qaydada müəyyən etməlidir və maliyyədə təhlükəsizlik yastığı prinsipinə əsaslanmalıdır. Burada daşınmaz əmlak almağı da tövsiyə etmək olar, bir şərtlə ki, siz həmin əmlakdan kirayə ödəmələri şəklində passiv gəlir əldə etməyə hazırlaşırsınız.

Və nəhayət sonuncu, siz daşınmaz əmlak və ya qızılı sonradan təkrar sata və satışdan qazanc əldə edə bilərsiniz. Bu satışlar investisiya sayılmır, spekulyativdir. Yəni siz nəticəni yalnız daşınmaz əmlakı, yaxud zinət əşyalarını satarkən əldə edirsiniz. Bu əqdlər yuxarıda təsvir olunan üsullarla müqayisədə daha risklidir və xüsusi bilik və təcrübə olmadan bu işlərlə məşğul olmağı tövsiyə etməzdim. Asanlıqla yandırmaq olar.

Koronavirusla əlaqədar manatın vəziyyətinə əsasən hansı proqnozu verə bilərsiniz?

Ümumilikdə proqnoz səmərəsiz işdir, xüsusən də milli valyutanın məzənnəsindən söhbət gedirsə. Üstəlik də bunu koronavirus pandemiyası fonunda etməli olanda heç bir öncəgörən kömək edə bilməz))

Ümumi tezislərlə danışmaq olar. Bütün dünyada aktiv iqtisadi çöküş baş verir və elə ölkə yoxdur ki, bu pandemiya ona toxunmasın. Bu və ya digər ölkənin iqtisadiyyatı nə qədər diversifikasiya olsa da xeyri yoxdur, çünki ölkələr bir-birinin ardınca karantinə keçir. Burda belə misal çəkmək yerinə düşər ki, ailə başçısının, ailəni dolandıran şəxsin müvəqqəti işsiz qaldığı bir ailəni götürək. Ailənin gəliri bərpa olunana qədər bu ailənin öz ənənəvi həyat səviyyəsini hansı müddət saxlaya bilməsi həmin ailənin nə qədər yığımının olmasından asılıdır. Nə qədər çox yığım varsa, o qədər çox dayana bilər. İndi isə manata qayıtsaq, əminliklə yalnız onu deyə bilərəm ki, bizim yığımlarımız yetərincədir və ölkə iqtisadi cəhətdən güclüdür. Hər şey koronavirus pandemiyasının müddətindən asılı olacaq. Gəlin, 20-ci əsrin əvvəllərindən başlayaraq, bütün pandemiyaları təhlil edək, onların rəsmi sayı 5-dir, “İspan qripindən” tutmuş “Donuz qripinə” qədər. Fikir vermək olar ki, pandemiyanın müddəti hər dəfə daha qısa olurdu və bir qayda olaraq, bir ildən çox davam etmirdi. Bəşəriyyət hər dəfə daha tez reaksiya verməyi və infeksiyaya qalib gəlməyi öyrənib. Odur ki, ölkəmizin bu vəziyyətdə bütün çətinliklərə sinə gərə biləcəyinə və aktivliyin məcburi düşməsindən sonra iqtisadiyyatın daha çox inkişaf etmək üçün yaxşı təkan əldə edəcəyinə əminəm.

Mətn: Fərhad Hacınski, Nikita Yudin

Şərh qoy