Həqiqətdir ki, hər şeyin başlanğıcı və sonu var. Bu, filmlərə də aiddir. Çox vaxt kassa bumu yaratmış və milyonlarla tamaşaçının sevimlisi olmuş kinofilmlərin davamı da olur. Amma şöhrət və pul axtarışında olan rejissorlar dayana bilmirlər və sikvelin ardınca sikvel çəkirlər. Bu hal bir çox kinomanlarda anlaşılmazlıq, hətta qıcıq oyadır. FRIDAY.az komandası davam etməməli olan filmləri yada salmağı qərara aldı.

“FORSAJ”

Uzaq 2001-ci ildə “Forsaj” filminin birinci hissəsi çıxmışdı. O, tamamilə hər kəs tərəfindən sevilirdi. Dünyanın hər yerində oğlanlar möhtəşəm idman maşınlarına sahib olmağı və Pol Uoker və Dominik Toretto kimi yollarda şütüməyi xəyal edirdilər. Birinci filmdən sonra düz 8 sikvel çəkilib. Onlardan bəziləri baş qəhrəmanlarına görə ilk filmdən fərqlənirdilər, amma yenə də növbəti hissələrlə bağlantıları və davamları olurdu. Ssenaristlərin fantaziyası sərhəd tanımırdı, yollarda həyəcanlı fəndlər fanatları heyran qoyurdu. Amma beşinci hissəni izlədikdən sonra ikili hisslər qaldı. Pis oğlanları cəzalandıran həminki qəhrəmanlarla həminki “Forsaj” idi. Amma artıq yarışlar haqqında yox, əsl döyüş filmi idi. Məhz onda fanatlar məsələ qaldırdılar ki, daha davam etmək lazım deyil. Altıncı hissəni qıcıqla qarşıladılar. Amma əsas personajlardan birinin dirildilməsi ideyası öz işini gördü və “Forsaj”ın pərəstişkarları bütün narazılıqları unudub kinoteatrlara cumdular. Yeddinci hissə “bəh-bəhlə” qəbul edildi, xüsusən də sonluq yaddaqalan oldu, orda Pol Uoker (aktyor həmin vaxt faciəvi şəkildə həlak olmuşdu) və Dominik Toretto əks tərəflərə sürürlər, bu da mahiyyətcə, sonu təcəssüm etdirirdi. Amma rejissorlar fərqli qərar verdilər. Davamını çəkməyə başladılar. Bax burda film öz fanatlarını itirməyə başlamışdı, amma sikvellərin çəkilişlərinə dəvət olunmuş məşhur aktyorlar hesabına kassa yığımlarını saxlayırdı. Tezliklə daha iki hissənin çıxması gözlənilir, rejissorların və ssenaristlərin sözlərinə görə, onlar yekun olacaq. Amma bu, fanatları elə də maraqlandırmır.

“ASTRAL”

Hər yeni qorxu filmindən gözlənilir ki, əvvəlkindən daha dəhşətli olsun. Amma 2011-ci ildə çıxmış “Astral” filmi bu vəzifənin öhdəsindən tam gəlmiş oldu. Maraqlı süjet, yaxşı aktyor oyunu, qorxunc ab-hava — bütün bunlar bu cür filmləri sevənlərin xoşuna gəldi və təbii ki, onlar davamını gözləməyə başladılar. Lakin ikinci film məyusluq idi, çünki yeni, ürək parçalayan emosiyalar bəxş edə bilməmişdi. Üçüncü film ikincidən daha hərarətlə qəbul edildi, amma gerçəkləşməyən xəyalların təsiri qalmışdı. Odur ki, dördüncü hissə iflasa uğradı.

“QARA PALTARLI ADAMLAR”

Hələ indiki qədər möhtəşəm avadanlıqlar olmayanda fantastik filmləri necə bacarırdılarsa, elə də çəkirdilər. Yadplanetli bədheybətlər yöndəmsiz oyuncaq kimi görünürdülər. Amma belə filmləri izləmək istəyi olurdu və sikvellər həmişə həyəcan doğururdu, məsələn, “Qara paltarlı adamlar” kimi. Bu film hər cür kosmik sirlərin bum olduğu dövrlərə yaxşı uyğunlaşmışdı. Uil Smit və Tomi Li Conson ilə olan ilk iki hissə kulta çevrildi, 2019-cu ilin sikveli isə yaxşı kassa yığımlarına baxmayaraq, öyrəşdiyimiz aktyorların olmadığı, tamamilə lazımsız və gözləntisiz davam idi.

 

“İKS ADAMLAR”

Hər kəs fövqəlgüclər barədə xəyal edir, ona görə də onlara sahib olan mutantların hekayəsini izləmək həmişə maraqlıdır. Odur ki, “İks adamlar” filmlərinin uğuru anlaşılandır. Hər seriyada qəhrəmanlar müəyyən problemə rast gəlirlər və birləşməyə məcbur olurlar. Hər sikvel əvvəlkindən daha uğurlu olurdu. Dördüncü hissə sanki yekun vurmuş və sonuncuya çevrilmişdi. Baş qəhrəmanlar qocalırdı, bəzi aktyorlar dəyişilirdi və bu da sonrakı sikvellərin keyfiyyətinə təsir etməyə bilməzdi. Amma ssenaristlər fərqli yolla getdilər və çəkilişləri prikvel konsepsiyasından davam etdirməyi qərara aldılar. Bu ideya pərəstişkarları həvəsləndirdi, amma zaman keçdikcə film hər kəsi çaşdırmağa başladı. Fanatlar uyğunsuzluqlar axtarmağa başladılar, aktyorların oyununa ilişirdilər və süjet xəttinin uzanmasından gileylənirdilər. Bu səbəbdən “İks adamlar. Apokalipsis” və “Qara feniks” mutantlar haqqında hekayənin davamı üçün rahatlıqla lazımsız hesab edilə bilər.

“MATRİS”

Kianu Rivzi məşhur etmiş rol — “Matris” filmindəki Neo. Kinolentin hər üç hissəsi bir-birini ideal tamamlayırdı və birnəfəsə izlənilirdi. Sonuncu hissə çıxdıqdan sonra 2003-cü ildə heç kimin ağlına gəlməzdi ki, 17 ildən də çox müddətdən sonra dördüncü çəkilməyə başlanacaq. Amma çəkiliş meydançalarından fotoşəkillər artıq bütün dünyaya yayılıb və yeni sikvel qaçılmazdır. Bizə bir qədər yaşlanmış eyni heyət və maraqlı süjet vəd olunur. Dördüncü hissəyə baxmaq maraqlı olacaq, amma qəlbimizin dərinliyində dahi trilogiyanın tamamilə lazımsız sikvellə “ləkələnə biləcəyi” ilə bağlı hiss narahatlıq və narazılıq oyadır.

Mətn: Nikita Yudin

Şərh qoy