Yeni koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar son hadisələrin fonunda təkcə dünyada deyil, Azərbaycanda da dəyişikliklər baş verdi.

Virusun yayılmasının qarşısını almaq üçün ölkə hakimiyyəti qismən sosial izolyasiya tətbiq etdi. Bu isə öz növbəsində, təkcə təhsilin dayanmasına deyil, həm də bir çox dövlət və özəl qurumların məsafədən iş rejiminə keçməsinə gətirib çıxardıb. Analitiklərin məlumatına əsasən, 2020-ci ilin fevralında məsafədən iş tələbatı 1,6 dəfə artıb.

FRIDAY.az komandası komfortlu iş ab-havası yaratmaq üçün bir neçə vacib qaydadan danışacaq.

Hər şey əlinin altında

İlk növbədə unutmayın ki, heç kim sizin əvəzinizə interneti ödəməyəcək və printeri sazlamayacaq. Kommunal xidmətləri qabaqcadan ödəyin ki, gözlənilməz vəziyyət yaranmasın. Həmçinin internet bağlantısını yoxlamağı məsləhət görürük. Lazım gələrsə, internet provayderini dəyişin. Bundan başqa, hər şey əlinizin altında olmalıdır, o cümlədən, qadcetlər üçün adapterlər və elektrik yuvaları.

Məkanın təşkili

Əvvəlcə işə yararlı sahəni müəyyən etmək lazımdır. Hər şey sizin vərdişlərinizdən və ailədə gündəlik cədvəldən, eləcə də mənzilin bu və ya digər hissəsində komfort hissindən asılıdır. İş üçün lazım olan hər şey bir yerdə toplananda çox rahat olur. Üstəlik, əgər evdə ailə yaşayırsa, iş üçün ayrıca künc mütləqdir. Belə bir yeriniz yoxdursa, qapısını bağlaya biləcəyiniz otaqda işləyin.

İş yerinin işıqlandırması

Məlumdur ki, gün işığı işin məhsuldarlığına təsir edir. İş sahəsini elə təşkil etmək lazımdır ki, gündüzlər o, təbii üsulla işıqlansın. Həmçinin süni işıq barədə də unutmaq olmaz. Lampanı elə quraşdırıb qoşun ki, axşamlar işıqsızlıqdan əziyyət çəkməyəsiniz. Masanın ideal yerləşməsi — qapı və ya pəncərəyə yan tərəfdən, eləcə də arxası divara oturmaqdır.

Analar başa düşər

Valideynlərin ən əsas problemlərindən biri uşaqları hara qoymaqdır, çünki işi heç kəs ləğv etməyib. Analar yaxşı bilir ki, uşaq nə qədər böyüyürsə, bir o qədər diqqət tələb edir. Uşağa həm maraqlı, həm də faydalı olsun deyə, onun üçün yaşına uyğun uşaq mahnıları və nağıllar qoşmaq olar. Bir qədər böyük uşaqlar üçün maarifləndirici kitablar və əyləncəli oyunlar almağı məsləhət görürük. Yaxınlarınızdan kömək istəməyə çəkinməyin: nənələr, babalar, xalalar, daha böyük uşaqlar. Doğmalarla ünsiyyət uşağa faydalı olacaq, sizin isə əlavə boş vaxtınız yaranacaq.

Beyin üçün qida

Ofis işçilərinin böyründə sərfəli qiymətə biznes-lanç verən çoxlu sayda məkanlar olur. Evdə isə öz qayğına özün qalmalısan. Siz yeməyi qabaqcadan, məsələn, axşamdan hazırlaya bilərsiz ki, işdən yayınmayasız. Yemək çatdırılması servislərindən istifadə edin. Hazırda evdən çıxmadan istənilən yeməyi kafe və restoranlardan sifariş etmək olar. Beləliklə, daha az vaxt və güc sərf edəcəksiniz.

İş rejimi

Şəxsi intizam — uğurlu və məhsuldar işin zəmanətidir. Lakin özünüzü təkcə möhkəm işləməyə deyil, həm də vaxtında dayanmağa məcbur etmək vacibdir. İnsan beyni bir işin üzərində uzun müddət fokuslana bilmir. Bunun üçün biz istirahət və iş vaxtlarını ciddi növbələşdirməyi məsləhət görürük. Bu işdə sizə proqram tətbiqetmələri kömək edəcək, onlar məhsuldar işləyərək özünüzü yükləməməyə imkan yaradacaq. Bununla da, konkret iş üzərində işləyərkən onu qısa vaxt ərzində yaxşı yerinə yetirməyə çatdıracaqsınız.

Mətn: Jaklin

Şərh qoy