Hazırda kompüter oyunları bir çox insanların həyatında xüsusi yer tutur. İnsan fantaziyası sərhədsizdir. Müxtəlif süjetlərlə, o cümlədən epidemiyalar haqqında çoxlu sayda tematik oyunlar buraxılıb. Dünyada yaranmış vəziyyətlə əlaqədar isə onların reytinqinin qəfil artması təəccüblü deyil.

Biz tez-tez eşitməyə başlamışıq ki, çoxları özlərini sanki bir oyunda və ya hansısa kinoda hiss edir. FRIDAY.az komandası epidemiyalar haqqında oyunların kiçik icmalını hazırlayıb. Onları oynayaraq, öz həyatınıza bir qədər macəra qata bilərsiniz.

PLAGUE INC.

Çoxplatformalı oyun xəstəliyə nəzarət etdiyiniz bir bioloji simulyatoru ehtiva edir. Oyunçu bütün insanları yoluxdurmalı və öldürməli, virusu yayaraq, müxtəlif şərtlərə adaptasiya etməlidir. Oyun 2012-ci ildə buraxılıb, xüsusi populyarlığı isə bu epidemiya simulyatoru 2014-cü ildə Ebola virusunun yayılması zamanı qazanıb. 2020-ci ilin fevralında isə koronavirus infeksiyası pandemiyasının fonunda Çində bu  oyun mobil tətbiq mağazalarında çinli istifadəçilər üçün yoxa çıxdı.

DAYMARE 1998

Üçüncü şəxsə aid Survival Horror janrlı bu oyun 2019-cu ildə çıxıb. Süjetdə hökumətin kimyəvi qəza baş vermiş məxfi laboratoriyasının yaxınlığında yerləşən kiçik şəhərcikdən bəhs olunur. Zəhərli buxarlar şəhərə çatır və sakinləri bədheybətlərə çevirməyə başlayır. Kəşfiyyat üçün hökumət əraziyə elit xüsusi təyinatlı dəstəsi göndərir. Daymare 1998 oyununu PlayStation 4, XboxOne, Windows kimi platformalarda oynamaq olar.

THE LAST OF US

Oyundakı hadisələr qlobal pandemiyadan 20 il sonra keçmiş ABŞ ərazisindəki postapokaliptik gələcəkdə baş verir. Bu dəfə yoluxmaları alimlər və müxtəlif korporasiyalar deyil, təbiət özü gətirib. Mutasiya etmiş göbələk insanları gəzən göbələyəbənzər bədheybətlərə çevirir. Süjet baş qəhrəmanlar — qaçaqmalçı Coel və yeniyetmə qız Ellinin səyahətinə həsr olunub. Oyun resurs yığımı, atışma və bədheybətlərdən gizlənməkdən ibarətdir. Hər səviyyənin məqsədi bir məntəqədən başqasına çatmaqdır. Oyunun əla süjetini və kinematoqrafikliyini nəzərə alaraq, onu oynamağa dəyər. O, 2013-cü ildə eksklüziv olaraq PlayStation 3 konsolu üçün buraxılıb.

PROTOTYPE

Hadisələrin müasir Nyu-Yorkda, modelləşdirilmiş Manhetten adasında cərəyan etdiyi bu oyun 2009-cu ildə buraxılıb. O, açıq bir dünyanı ehtiva edir, orada süjet inkişaf etdikcə pandemiya yayılır və şəhər sakinlərini qaniçən mutantlara çevirir. Baş qəhrəman  — cavan oğlan Aleks Merseri morqda yarmağa cəhd edərkən o, özündə fövqəltəbii güclər aşkar edir. Aleks onu epidemiyanın təqsirkarı hesab edən xüsusi xidmət orqanları və hərbçilərdən gizlənmək məcburiyyətindədir. Oyundakı döyüş sistemi baş qəhrəmanın öz bədənini dəyişmək bacarığına əsaslanır, bu, əsas silah hesab olunur. Merser əllərini çəkic, caynaq, tiyə, qamçı və qalxana çevirə bilir. O, öz əzələ kütləsini artırır ki, ağır predmetləri qaldırıb tullaya bilsin, yaxud dərisini zirehə çevirir və özünü güclü hücumlardan qoruyur. 24 aprel 2014-cü ildə oyunun ikinci hissəsi buraxılıb. Bu dəfə isə birinci hissənin protaqonisti zalımdır, biz isə Aleksin yoluxdurduğu serjant Ceyms Hellerin tərəfində oynayırıq. Hər iki hissəni PlayStation 4,PlayStation 3, XboxOne, Xbox 360, Windows kimi platformalarda oynamaq olar.

DYING LIGHT

Oyun 2015-ci ildə buraxılıb. Hadisələr zombi-apokalipsisə məruz qalmış uydurma Yaxın Şərq şəhəri Harranda cərəyan edir. Virus quduzluğun mutasiyası nəticəsində peyda olub. Oyunun özəlliyi parkurun tez-tez istifadə olunmasıdır. Baş qəhrəman damların üstündən tullanır, divarlarda qaçır və sütunlara dırmanır. Oyunda təsadüfi hadisələrin generasiyası, karma və stels baş verən açıq dünya canlandırılıb. O, həmçinin Survival Horror elementləri olan ekşendir. Oyunda əsas yeri əlbəyaxa döyüş, eləcə də növbənöv silahların yığılması və modernizasiyası tutur. Oyunu PlayStation 4, XboxOne, Windows, Linux, MacOS kimi platformalarda oynamaq olar.

Müəllif: Qasımov Davud

Şərh qoy