Ən möhtəşəm muzeylərin zallarında gəzişməyi, böyük sənət əsərlərini təfərrüatları ilə nəzərdən keçirməyi, muzey eksponatlarının sirlərini öyrənməyi həmişə xəyal etmisiniz? Beləliklə, özünütəcrid mənəvi tərbiyə ilə məşğul olmaq üçün gözəl səbəbdir. FRIDAY.az komandası öz oxucuları üçün evdə karantində oturarkən gəzilə biləcək muzeylərin toplusunu hazırlayıb.

“Metropoliten” muzeyi dünyada ən populyar muzeylərdən biridir, ziyarətçi sayına görə dördüncüdür. Hazırda o, onlayn turlar keçirir və bizi çoxlu sayda eksponatları ilə tanış edir.

Luvr — Fransa paytaxtının ən əsas simvollarından biridir. Burada uzaq keçmiş və gələcək bir-biri ilə vəhdət təşkil edir. Bəs bilirsinizmi ki, muzeyi bir günə gəzib qurtarmaq demək olar ki, mümkün deyil? Buna baxmayaraq, Luvr virtual gəzintilər təşkil edir və bizi öz əzəmətinin ab-havasına qərq edərək, gizli sirlərini açır.

Dövlət Ermitajı — dünyada ən böyük və ən qədim təsviri incəsənət, mədəniyyət və tarix muzeylərindən biridir. Rusiyanın şimal paytaxtında yerləşir. “Fokusda” internet layihəsi çərçivəsində hər kəs onlayn turları ziyarət edərək, məşhur kolleksiya və ekspozisiyaları diqqətlə nəzərdən keçirmək, mədəni və tarixi dövrlərə qərq olmaq imkanı əldə edir.

Luvrdan iki addımlıq məsafədə “Orse” (Museed`Orsay) yerləşir. O, Parisin ikinci böyük təsviri incəsənət muzeyidir. Orada impressionist və postimpressionist rəssamların əsərlərinin ən zəngin kolleksiyası saxlanılır. Ziyarətçilər interaktiv turlar vasitəsilə Vinsent Van Qoq, Edqar Deqa və başqa rəssamların əsərləri ilə yaxından tanış ola bilərlər.

1753-cü ildə Londonda Britaniya muzeyinin əsası qoyulub. O, dünyada öz qapılarını ziyarətçilərin üzünə açmış ilk muzeylərdən biridir. Britaniya muzeyinin müxtəlif dövrlərdə dünyanın hər yerindən toplanmış kolleksiyası bəşəriyətin inkişaf tarixini əks etdirir.

Reyksmyuseum Niderland muzeyi klassik holland incəsənətinin və XVII əsrə aid Asiya artefaktlarının qoruyucusudur. Bələdçilər həmçinin onlayn sərgilər keçirir və Vermerin, Van Deykin və Yan Stenin əsərləri haqqında ətraflı məlumat verirlər.

Kapitoli muzeyi — dünyanın ilk muzeyidir, onun əsasını kilsə başçısı papa Sikst VI qoyub. Muzey möhtəşəm heykəllər kolleksiyasına, o cümlədən, Romanın simvolu olan “Kapitoli canavarına” sahibdir. Onlayn məkanda turistlərlə toqquşmadan, eksponatları müfəssəl nəzərdən keçirmək olar.

Vyana tarix muzeyi Karavaco, Rubens və Rafaelin də əsərləri də daxil olmaqla, virtual “toxuna biləcəyiniz” bir çox məşhur incəsənət nümunələrini mühafizə edir.

Müəllif: Jaklin

Şərh qoy