Azərbaycan çay ölkəsi hesab olunsa da, əhali qəhvə içkilərinə eyni hərarətlə yanaşır. Biz qəhvəni səhərlər yuxudan oyana bilmək, işdə gümrahlanmaq və şam yeməyindən sonra axşama yekun vurmaq üçün içirik. Təəssüf ki, bizdə qəhvə dənələri yetişmir, amma bu yaxınlarda biz onu emal etməyə və qovurmağa başladıq. Bu işlə Cofferica brendi məşğul olur, FRİDAY.az komandası bu günlərdə keçirilən Qəhvə və çay festivalında onun direktoru ilə görüşdü. Fərid İbrahimov bizə şirkət və Azərbaycan üçün yeni olan məhsul haqqında danışdı və bunun niyə ölkədə “ətirli” sənayenin inkişafına daha bir təkan verəcəyini qeyd etdi.

— Şirkətiniz haqqında bizə danışa bilərsizmi?

— Şirkətimiz öz fəaliyyətinə 2013-cü ildə başlayıb. O, Coffee Planet Azerbaijan adı ilə tanınır. Biz qəhvə dənələrini və müvafiq avadanlığı İtaliya və Dubaydan gətirirdik. Özümüzü yerli bazarda müsbət tanıtdıra bilmişik. Amma ilk dövrlərdə bunu etmək çətin idi. Biz tədricən insanlara izah edirdik ki, qəhvə təkcə Nescafe və ya Jacobs deyil. Əvvəlcə əsl içkinin dadına baxmağı təklif edirdik, sonra onun düzgün hazırlanması ilə bağlı master-klasslar təşkil edirdik. Yalnız bundan sonra qəhvəni xaricdən gətirməyə və satmağa başladıq. 7 ildən sonra, bu il biz yeni Cofferica brendini yaradırıq, o, yaşıl qəhvə dənələrinin emalı və qovrulması ilə məşğul olacaq. Bu, bizim üçün önəmli addım və yeni təcrübədir.

— Azərbaycanda qəhvə sənayesində yeni biznes istiqaməti açmağa sizi nə təşviq etdi?

— Xaricdən qovrulmuş qəhvə dənələrinin gətirilməsi yetərincə zəhmətli prosesdir (hazırlanması, qablaşdırılması və daşınması). O, bir neçə ay çəkir, Azərbaycan istehlakçısı üçün çox uzun müddətdir. Təbii ki, bu müddət ərzində məhsul bəzi dad komponentlərini itirir. Biz isə qarşımızda məqsəd qoyduq ki, müştərilərə hazırda sahib olduqlarından daha keyfiyyətli məhsul təqdim edək. Ona görə də yaşıl qəhvə dənələrinin satın alınması, burada emalı və qovrulması ideyası yarandı. Alman avadanlıqlarını alıb işə başladıq. İstehlakçı “Azərbaycanda hazırlanıb” nişanlı keyfiyyətli məhsul əldə edir.

— Qəhvənin emalı və qovrulması prosesi nə qədər zəhmətlidir?

— Dənələrin qovrulması bir fincan qəhvəyə doğru gedən uzun yolda ən vacib proseslərdən biridir. Qovurma bir ustalıqdır, o, qəhvə dənələrinin dad və ətir xassələrinin tam şəkildə təzahürünə cavabdehdir. Proses qəhvə fermasından başlayır. Biz ən yaxşı dənələri və yalnız 100% “Arabika”nı seçirik. Sonra yaşıl dənələr xüsusi Green Pro vakuum paketlərinə qablaşdırılır ki, həşəratlar daxil ola bilməsin. Məhsul Azərbaycana çatdırılanda bir neçə təmizlənmə mərhələsindən keçir. Onlardan biri ilə “Testoner” aparatı məşğul olur. O, hər dənəni skan edərək çirki və tozu təmizləyir. Sonra qəhvə dənələri qurudulur  və müəyyən temperaturda qovrulmaq üçün maşına yollanır. Daha sonra onları qaz çıxması üçün dincə qoyurlar, sonra qablaşdırırlar.

— Bu cür mürəkkəb proses məhsulun yekun qiymətinə təsir etmirmi? Qiymət artmırmı?

— Xeyr, hətta əksinə. Əvvəla, yaşıl qəhvə dənələrinin daşınması qovrulmuşların daşınmasından fərqlənir, ikincisi, biz brendə görə artıq pul ödəməli olmuruq. Ona görə şirkətimizin təklif elədiyi qəhvə sərfəli qiymətlərə olacaq.

— Sizin qəhvəniz Lavazza, Domingo, Segafredo, Pitti Caffe, Julius meinl kimi xarici brendlərin məhsullarından nə ilə fərqlənir?

— Bizim əsas və prinsipial fərqimiz ondadır ki, biz qəhvə kommersiyası ilə məşğul olmuruq. Qəhvə kommersiyası qovrulmuş qəhvənin geniş satışlar üçün istehsalıdır. Belə qəhvə pis deyil, kommersial qəhvə keyfiyyətli olur, amma dad və ətir buketi speşialti ilə müqayisədə daha kasaddır. Speşialti seqmenti ilə ölkədə ilk məşğul olanlardan biri bizik.

— Yerli istehlakçılara hansı qəhvə növlərini təklif edirsiz?

— Qeyd etmək yerinə düşər ki, biz qəhvə dənələrini müxtəlif meyarlara görə fərqləndiririk — vətəni, üyüdülmə növləri və qovrulma dərəcələri. Hazırda biz Braziliya, Honduras, Keniya, Qvatemala və Kolumbiyadan gətirilmiş xammalla işləyirik. Tezliklə Efiopiyadan gətirilən dənələrin emalına başlayacağıq. Biz üç üyüdülmə növü təklif edirik: türk qəhvəsi üçün (ən xırda, strukturuna görə una bənzəyir), espresso üçün (daha iri, ölçüsünə görə mətbəx duzuna bənzəyir) və filtrlənmiş qəhvə üçün (ən iri). Eləcə də bizim qovrulma dərəcəsinə görə geniş seçimlərimiz var – city, medium və dark. Çeşidlərimiz arasında klassik blended variantları və çoxçeşidli premium mövcuddur.

— Daimi müştəriləriniz varmı?

— Bəli, əlbəttə. Yeddi il ərzində biz Bakının bir çox şirkət və hotelləri ilə əməkdaş olduq. Onlar artıq təqdim etdiyimiz məhsulla maraqlanırlar. Məsələn, Landmark, Renaissance Hotel, Europa Hotel, Naftalan Hotel Qashalti, Qafqaz Point, Fairmont və Pullman kimi hotellər artıq ilk sifarişləri veriblər. Siz həmçinin Espresso Soul, Stories Coffee, Coffee Go, Libraff Coffee şəbəkələrdə qəhvəmizin dadına baxa bilərsiz.

— Gələcək planlarınızdan danışa bilərsiz?

— Xarici bazarlara çıxmaq istəyi var. Düşünürəm ki, məhsulumuz qonşu ölkələrə maraqlı olacaq. Əgər italyanlar bizim bazara gələ bildilərsə, biz niyə öz məhsulumuzu təklif etməyək? Bundan başqa, brendimiz xüsusi prinsiplə işləyir. Biz bura xarici mütəxəssislər gətirmirik, yerli gəncləri öyrətmək istəyirik. “Barista” və “Qəhvə qovrulması üzrə mütəxəssis” ixtisasları olan Akademiya açmağı planlaşdırırıq.

— Qəhvə dünyasına belə bir maraqlı ekskursiyaya görə sizə təşəkkür edirik, Fərid. Bir fincan içkinizi məmnuniyyətlə dadmaq istəyirik.

Cofferica brendi haqqında daha ətraflı məlumat almaq və təzə qovrulmuş qəhvə sifariş etmək üçün sayt: www.cofferica.com

Mətn: Nikita Yudin

 

Şərh qoy