Bütün xəbər portalları yeni virusun yayılması haqqında qorxulu başlıqlar yayımlayır. Virusun ilk ocaqları Çində peyda olub və orda artıq ölümlə nəticələnmə halları barədə məlumatlar gəlməyə başlayıb. Mümkün epidemiyaya görə narahatlıqlar var. Amma hələ bütün məlumatlar yoxlanılmayıb, xarici KİV-lər isə insanları ölümcül “koronavirusla” qorxudurlar. FRIDAY.az komandası mütəxəssis Zaur Orucova müraciət edərək bu naməlum xəstəlik barədə ətraflı öyrənməyi qərara aldı.

– Salam, Zaur bəy, danışa bilərsizmi, bu necə bir virusdur və hardan peyda olub?

— Koronaviruslar bütöv bir virus ailəsidir, onlardan ilkləri artıq onilliklərdir ki, elmə məlumdur. Viruslar, istənilən viruslar yüksək mutasiya dəyişkənliyi ilə fərqlənir. Koronaviruslar da istisna deyil, onların hazırda 40-a yaxın növü məlumdur. Hardan peyda olub? Böyük ehtimalla, təbii şəkildə mutasiya edib.

— Bəzi xarici KİV-lər koronavirusu bubon taunu ilə müqayisə edirlər. Belə müqayisə nə dərəcədə doğrudur?

— Yox, bu, tamamilə cəfəngiyyatdır. Taun çöpü və ya Yersinia pestis — ümumiyyətlə, bakteriyadır, virus deyil. Bu növlərin istənilən müqayisəsi adi spekulyasiyadır.

— Çində bu virusa tutulanlarla bağlı təhlükə səviyyələrini bildirirlər, bizim nigaran olmağımıza əsas varmı?

— Gəlin, belə danışaq. Yeni virus ştammı var. O da bir çox başqaları kimi təhlükəlidir. Orda ölüm faizi yeri gəlmişkən, qripdən elə də yüksək deyil. Mən piylənmə və siqaretə görə daha çox təşvişə düşməyi tövsiyə edərdim, onların nəticələri hər il milyonlarla insanları öldürür. Epidemioloqlar daha çox narahat olmalıdır. Onların qarşısında yeni çağırış var, ona cavab verməlidirlər. Amma mənə belə gəlir ki, təhlükə həddən artıq şişirdilir. Məsələ burasındadır ki, virus yenidir və elm hələ nə profilaktika, nə də müalicə ilə bağlı dəqiq cavablar vermir. Təhlükənin özü yox, məhz virusun yeniliyi və naməlumluğu qorxudur.

— Bu virusa necə yoluxa bilərik və özümüzü necə qorumaq olar?

– İsbata əsaslanan tibbin bu suala cavabı hələ ki, yoxdur. Bir şey aydındır ki, virus insandan insana keçir və edə biləcəyimiz yeganə iş karantindir.

— Karantin? Qorxunc səslənir. İndi evə qapanıb, tənzif maskaları taxmalıyıq?

— Elə deyil, karantin tədbirləri müxtəlif olur: xəstə şəxslərin sağlam şəxslərdən tam təcridindən tutmuş adi skrininqə qədər. Sadəcə milli epidemiologiya əleyhinə xidmətlərin dediklərinə əməl edin, əsasən də Azərbaycandakıların, hələ ki, sizə lazım olan şey Çinin epidemiya tüğyan edən şəhərlərinə səfərlərdən imtina etməkdir. Yaxşı haldır ki, indi istəsəniz də oralara girə bilməyəcəksiz. Çin özü bütün zəruri tədbirləri görüb.

— Əgər virus Azərbaycana da gəlib çatsa, virusa qarşı vaksin və ya peyvənd varmı?

— Vaksinin yaradılması zəhmətli, intellekt tutumlu prosesdir, həm də xeyli vaxt tələb edir. Yox, əlbəttə ki,vaksin hələ yoxdur.

– Əgər birdən bir insan xəstələnibsə, hansı aşkar əlamətlər onda ağır qripin yox, məhz həmin koronavirusun olduğunu göstərə bilər? Və ev şəraitində onu müalicə etmək olarmı?

— Kəskin respirator xəstəliyinə dəlalət edən simptomlar təəssüf ki, spesifik deyil, odur ki, ziyan çəkməməyin yeganə yolu —  istənilən respirator simptomlarında dərhal infeksion xəstəliklər şöbəsinə müraciət etməkdir.

Hətta az da olsa ağır keçən qripi qəti şəkildə ev şəraitində müalicə etmək olmaz, o, pnevmoniya, otit, miokardit kimi kəskinləşmələrlə təhlükəlidir. Adi saydığımız qripin bir sıra kəskinləşmələri ölümlə nəticələnə bilər. Xüsusilə də Çindən gələn koronavirusu evdə müalicə etmək olmaz.

— Ciddi nəyəsə yoluxduğumuzdan şübhələnsək hara müraciət edək? İstənilən xəstəxanaya gedə bilərik, ya ixtisaslaşmış müəssisə olmalıdır?

— İstənilən infeksion xəstəliklər şöbəsinə müraciət etmək olar. “Semaşko” adlandırılan xəstəxanaya da, hər hansı özəl klinikaya da.

Mətn: Nikita Yudin

Şərh qoy