Günümüzdə bəşəriyyət daha aktiv və sürətli yaşayır. Amma bu həyat tərzinə şübhəsiz ki, texnologiyalar təsir edib, təkcə internetin özü nələrə dəyər. Yeni həyat tempi müasir insana çox şey verir: sürətli peşəkar inkişaf, informasiya okeanına çıxış, evdən bayıra çıxmadan alıb-satmaq imkanı, sərfəli həllərin axtarışı və s.

Yeni, ötən əsrlə müqayisədə sürətlənmiş həyat tempinin təlaş və rutini içərisində insan şəxsiyyətində başlayan psixoloji təhriflərin ilk əlamətləri ola biləcək siqnalları qaçırtmamaq vacibdir. Hər şeyi adicə yorğunluğun üstünə yıxmaq olar, ağlımıza gəlməz ki, özümüzdə, ya da yaxınlarımızda müxtəlif psixoloji pozuntuların simptomları əmələ gəlir, bu da əgər diqqətsiz qalarsa, ciddi nəticələrə səbəb ola bilər. Bu mövzu barədə daha ətraflı psixoloq Rəna Əliyeva ilə danışacağıq.

Sürətlənmiş həyat tempi insanın psixo-emosional vəziyyətinə necə təsir edir?

— Sürətlənmiş həyat tərzi gözəldir. Bu, insanı inkişafa yönəldən bir şeydir. Amma bir özəllik var: sürətli həyat tempi hər zaman streslə müşayiət olunur. Bu da həm yaxşı motivasiya edən və faydalı fəaliyyətə həvəsləndirən stress (eustress), həm də bir çox psixoloji sapmaların və nəticədə müxtəlif xəstəliklərin bünövrəsi olan məhvedici stress (distress) ola bilər. Məlumdur ki, streslərin toplanması gələcəkdə ciddi psixoloji pozuntulara gətirib çıxara bilər.

— Praktikanızda tez-tez rast gəlinən psixoloji təhrifi təsvir edə bilərsizmi?

— Əlbəttə. Məsələn, sakit insan heç bir aşkar səbəb olmadan çox aktiv olubsa, hamı ilə ünsiyyətə can atırsa, cürbəcür ismarıclar yollayırsa, qəfildən geyim üslubu, saç düzümü dəyişilibsə, sarkastik zarafatlar, ərkyanalıq edirsə, çox güman ki, düşünəcəksiz – “Hə, adama bax, gözəl kollektivimizdə açılışıb!”. Amma bu, “hipomaniya” adlanan psixi sapmanın ilkin əlamətləridir. Lakin özünüzə və tanışlarınıza bu diaqnozu qoymayın. Təkrar edirəm, burda vacib göstəricilər aşkar səbəbin olmaması, davranışın qəfil dəyişməsi və müddətin uzunluğudur. Əgər hipomaniyaya məhəl qoyulmasa, böyük ehtimalla, növbəti mərhələ bipolyar şəxsiyyət pozuntusu olacaq.

Başqa bir tez-tez rast gəlinən hal düşüncə və davranışın Freyminq sapmasıdır. Misal göstərim. Deyək ki, Ameliya adlı şərti bir insan var. O, 22 yaşında bankda stajçı kimi işə düzəlib və öz işini bütün qəlbi ilə sevib. Vaxtaşırı Ameliya əks cinslə ünsiyyətdə olub. Münasibət qurmağa çalışıb, amma bir sıra səbəblərə və ya taleyin işinə görə ailə qurmayıb, övlad dünyaya gətirməyib. Minnətdar  iş yeri ona menecer vəzifəsini verib. İndi Ameliyanın 42 yaşı var və o, uğurlu bankın ierarxiyasında üçüncü şəxsdir. Bu, onun həyatda sahib olduğu yeganə şeydir. Ameliya kollektivə birlikdə yığışmağı və işdən kənarda vaxt keçirməyi təklif edəndə çoxlarında alınmır. Onda onun daxilində ailə işlərinə görə üzrlü səbəblərə istinad edənlərə qarşı passiv, gizli qəzəb doğulur və böyüyür. O, öz-özünə deyir: “Onlar burda olmağa, işləməyə, böyüməyə və inkişaf etməyə layiq deyillər”. O, buna inanır. Ona görə də Ameliya öz mövqeyindən istifadə edərək, təhrif olunmuş düşüncəsinə görə bütün vaxtını (həm iş, həm sərbəst vaxt) banka həsr eləməyənləri sıxışdırıb çıxardır. Ameliya komfortlu çərçivədədir, kimə ki, bu cür çətindir, deməli, bacarıqsızdır, pisdir, sevimli banka istifadəçi kimi yanaşır. Əgər Ameliyanı dayandıran olmasa o, vərdiş elədiyi çərçivəyə sığışmayan hər kəsi  yandırmağa qadirdir. Ameliyanın pis xasiyyətinin olduğu deyilir, əslində onda Freyminq sapmasıdır. Ameliyanı böyük ehtimalla şizofreniya spektrli pozuntu və ya Alzheymer xəstəliyi gözləyir.

Daha bir tez-tez rast gəlinən hal obsessiv-kompulsiv pozuntudur (OKP). Geniş təzahür spektri var, amma mənim ən çox qarşıma çıxan hal təmizlik və səliqəyə qeyri-sağlam həssaslıqdır. Aysel adlı şərti insanı nəzərdən keçirək. Onun 40 yaşı var. 22 yaşında ailə qurub, 23 yaşında o, universiteti bitirmək üzrə olub və birinci uşağına hamilə qalıb. Beləliklə, 29 yaşında onun həyatında iki tərbiyəli və inkişaflı uşağı, ocağı olub. 39 yaşına çatanda Aysel artıq uşaqları Avropanın nüfuzlu universitetlərinə qəbul olmaq üzrə olan anadır. Onların nəzarət və qayğıya daha ehtiyacları yoxdur. Həyat yoldaşı işində-gücündədir. Aysel işə düzəlməyə çalışıb, amma gözləntilərin böyük olması və daxili istəksizliyə görə onda alınmayıb. Evin divarları onun nəzarətdə saxlaya biləcəyi yeganə yerə çevrilib. O, öz perfeksionizmini o qədər qidalandırıb ki, OKP-ya çevrilib. İndi əgər Aysel hər gün evi tər-təmiz silməsə, çəkələkləri dezinfeksiya eləməsə, yataq dəstini ütüləməsə, daxilində nigaranlıq hissi yaranacaq. Ərinin çərşənbə günü axşam kinoya getmək təklifinə çox vaxt rədd cavabı verəcək, çünki çərşənbə günü şkaf təmizləmə günüdür.

— Əgər belə hala rast gəlinibsə, həmin insana necə deyək ki, vəziyyəti yaxşı deyil?

— Çətin sualdır, çünki adamın xətrinə dəymək, qəzəbləndirmək və ya öz başını ağrıtmaq olar. Xaricdə məsələn, bir çox işəgötürənlər orada ştatlı və ya ştatdankənar psixoloqla işləyirlər, onun vəzifəsi əməkdaşların psixoloji vəziyyətinə nəzarət eləmək və lazım olarsa, ona yardım eləməkdir. Bir sıra ölkələrdə bu, praktika və ya işəgötürənin könüllü işi deyil, Əmək Məcəlləsində maddədir. Odur ki, bir insana görə gerçəkdən narahatsızsa, çox diqqətli davranmalısız. Məsələn, hipomaniya, OKP və digər pozuntular haqqında məqalə göstərmək, ya da söhbət zamanı çox ehtiyatla hansısa hadisə (lap uydurulmuş) haqqında danışaraq həmsöhbətin gözünü açmaq olar.

Əgər ailənin işləməyən üzvünün köməyə ehtiyacı varsa, yenə də maksimum şəkildə ehtiyatlı və diplomatik davranmaq lazımdır. Güclü bünövrəsi olan insanlar bütün həyatları boyunca öz tarakanları ilə yaşayırlar və dünyaya çox yaxşı adaptasiya olurlar. Bu realdır, məsələn, OKP-nin yüngül forması ilə yaşamaq, ta ölənə qədər çox da əzab çəkməmək və yaxınlarını incitməmək mümkündür, necə ki, ləpəyə qarşı xroniki allergiyası olan və ya qanı pis laxtalanan adamların yaşadığı kimi. Sirr deyil ki, insan orqanizmində bərpa resursları var. Psixi sağlamlığı da fiziki sağlamlıq kimi, müəyyən səviyyəyə qədər düzəltmək olar. Əsas odur ki, xəstəliyi boş buraxmayasan və kritik həddə çatdırmayasan.

 

Şərh qoy