Yeni ilə sayılı günlər qalır, bayram təlaşı isə daha da çoxalır. Biz yekunlar vururuq, yola saldığımız ilin son işlərini həll edirik, yaxınlarımıza hədiyyə axtarışında şəhərdə qaçırıq. Xeyli görüləcək iş var, hamısını çatdırmaq üçün isə vaxt azdır. Yeni il ovqatı “başımızdan” vuraraq çoxdan gözlənilən istirahətin qarşıdan gəldiyini xatırladır. Amma razılaşın ki, tam Yeni il ab-havası üçün Bakıda yenə də nəsə çatışmır. Əlbəttə ki, FRIDAY.az komandası bu məqamı qaçırtmadı və şəhərdə bayram əhval-ruhiyyəsini qorumaq üçün nəyin lazım olduğunu müəyyənləşdirdi.
ŞƏHƏRDƏ DAHA ÇOX BƏZƏK-DÜZƏK
Sanki, bayram ancaq paytaxtın mərkəzi küçələrində məskunlaşıb. Könlümüz daha çox rəng istəyir ki, Yeni ilin gəlişi daha da güclü hiss olunsun. Sevimli şəhərimiz al-əlval rənglərdə itib-batanda və sevinclə dolanda qəlbimiz bir az isinir.

QAR YOXDUR!
Qış bayramları qar topaları, şam ağacları və marallarla assosiasiya olunur. Qar Bakıda çatışmayan başlıca rəmzdir. Təsəvvür edin, pəncərədə şaxtadır və hər yer ağ örtüklə örtülüb, günəşin şüaları altında bərq vurur. Şaxta və günəş, gözəl bir gün…

QIŞ ƏYLƏNCƏLƏRİ
Bu il Zabitlər parkındakı buz meydançası bağlandı. Çox əbəs! Çünki buz meydançası dostlarla toplaşmaq və görüşmək üçün ideal yerdir. Bu cür aktiv istirahət çoxlu müsbət emosiyalar bəxş edir. Bakıda qarın olmadığını nəzərə alanda isə buz meydançası ən gözəl şeydir.

XALQ GƏZİNTİLƏRİ
Bu qış bizdə açıq havada iki Yeni il yarmarkası var: Fəvvarələr meydanında və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında. Belə bir yarmarka ideyası bizə Avropadan gəlib. Amma bir şey çatışmır – xalq əyləncələri: canlı musiqi, müsabiqələr və qızardılmış zefirlərlə qlintveyn.
MARALLAR
Canlı maralı sığallamağı elə istəyərdik ki. Məhz bu heyvan əsl Yeni illikdir. Amma Bakıda ona asanca rast gəlmək mümkün deyilsə, sviterlərin üstündəki marallar da işə yarayar. Rahat sviterə çələnglər keçirib buynuzlar da taxa bilərik. Onda Yeni il münasibətilə istənilən ev şənliyinin ulduzu olacaqsız.
Ən əsası isə, bizə çatışmayan şey — MÖCÜZƏLƏRDİR.
Hər kəsin bu həyatda sehrə ehtiyacı var, elə bir sehrə ki, xoşbəxtlikdən gözlərimiz qamaşsın. Axı elə istəyirik ki, bütün arzularımız dərhal yerinə yetsin, həyatımıza yeni rənglər qatan Yeni il nağılı baş tutsun.

Yeni iliniz mübarək, əziz oxucular! Bayram ovqatı qapınızı döymürsə, gəlin, onu özümüz yaradaq. Marallı sviter geyinin, al qırmızı rəngdə olsun, iki kilo mandarin tədarük görün və şam ağacının işıqlarını yandırın. Gəlin, qucaqlaşaq, zefir yeyək və 2020-ci ildə öz nağılımızı yaradaq.
Bəs sizin Yeni il ab-havası üçün nəyiniz çatışmır?

Şərh qoy