Taksi bakılılar üçün çox populyar nəqliyyat növünə çevrilib. Populyarlığın əsas səbəbi onun ucuzluğudur. Hələ 10 il əvvəl taksi ilə səfər yetərincə bahalı xidmət sayılırdı, amma bazara UBER və Bolt (keçmiş Taxify) xarici şirkətlərinin gəlişi ilə taksi kifayət qədər əlçatan oldu. Bu şirkətlər taksi xidməti nöqteyi-nəzərindən ölkəmizdən inqilab etdilər. Əvvəla, rahat interfeysli mobil tətbiqetmənin olması müştərilərə asan və cəld taksi sifariş etməyə, eləcə də sürücünün marşrutuna nəzarət etməyə şərait yaratdı. İkincisi, operatorlara ehtiyac qalmadı, bu da gedişin qiymətini azaltdı. Üçüncüsü, “sürücü-müştəri” ünsiyyət xidməti qaydasına düşdü. Bakılıların xoşbəxtliyinin həddi-hüdudu yox idi. Amma bu səadət çox çəkmədi. Yerli sürücülər xarici sistemdə bicliklər tapmağa və öz xeyirlərinə istifadə etməyə başladılar. Bu da xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxardı. FRIDAY.az komandası da oxucular kimi şəhərdəki taksi xidmətinin vəziyyətindən narazıdır, odur ki, müştərilərin UBER və Bolt xidmətləri vasitəsilə taksi çağırarkən ən çox rastlaşdığı problemləri vurğulamağı qərara aldı. 

Sürücülərdən zənglər

Mobil taksi çağırma tətbiqetmələri mahiyyətcə müştəri və sürücü arasında şifahi ünsiyyəti minimuma endirməli idi. Lakin bu xidmətlərin siyasəti elə qurulub ki, sürücülər təyinat ünvanını yalnız çağırış yerinə çatandan sonra öyrənirlər. Bu da yerli sürücüləri qətiyyən qane etmir və onlar hər dəfə mütləq müştəriyə zəng vurub, səfərin bütün detallarını soruşurlar. Bunun müştərilərə narahatlıq yaratmasından savayı, onlar sürücünün bütün suallarına cavab verəndən sonra səfərdən imtina edildiyini eşidə bilərlər.

Yanlış çatma

Axır vaxtlar yerli sürücülər arasında yeni “ənənə” yaranıb. Onlar hələ yolda olarkən vaxtından əvvəl müştərinin gözləmə yerinə çatdıqları barədə tətbiqetmədə bildirirlər. Bu “ənənə” taksi sürücüsünün yanlış istiqamətdə getdiyi və ya sürməkdən imtina etdiyi hallarda müştərinin “imtina” düyməsinə basmasına imkan vermir. 

Kartla ödəmədən imtina

Güman ki, bank kartı sahiblərinin ən çox rastlaşdığı problemdir. Yerli sürücülər onlayn ödəməyə qərəzlə yanaşırlar və bu səbəbdən səfəri kartla ödəmək istəyən müştərilərdən daima imtina edirlər. Sürücülər özləri bunu belə izah edir ki, nağd pul onlara çəni benzinlə doldurmaq üçün lazımdır, bəziləri isə pul köçürmələrindəki gecikmələrdən şikayət edir. Amma ictimaiyyətdə belə bir fikir yaranıb ki, bu problem müştəridən çaypulu almağın mümkünsüzlüyünə görədir. Problem hər nə olursa olsun, o, həll edilməmiş qalır və bir çox insanlar bütün pullarını kartda saxladığı üçün taksi sifariş edə bilmirlər. 

Səfəri vaxtından əvvəl bitirmək xahişi

Xeyr, sizi heç bir halda yolun ortasında maşından düşürtmürlər. Amma səfəri vaxtından əvvəl başa çatdıranda sürücüdən daha az pul çıxılır. Amma bu halda o, müştəridən başlanğıcda yazılmış məbləği alır. Müştəri bundan heç nə itirmir, amma şirkət itirir. Ona görə də qaydalara riayət etməyi və sürücünün bu xahişini rədd etməyi rica edirik. 

Başqa avtomobil

Müştəri səfər etmək istədiyi avtomobilin modelini seçmək hüququna sahibdir. Amma bir çox sifarişçilər avtomobil çağırarkən, məsələn, Mercedes gələcəyi göstərildiyi halda, balaca, narahat “çin maşınının” gəldiyini görüb çaşqınlıq yaşayırlar. Bu, faktiki olaraq müştərini aldatmaqdır. Amma sistem başqa markanı göstərməkdə davam edir, taksi xidmətinin şirkətində bu yalan barədə xəbər tutmurlar. 

Yəqin ki, UBER və Bolt kimi iri şirkətlər öz müştərilərinə xidmət səviyyəsinə diqqət yetirməlidirlər. Əgər indi yerli sürücülər yerli müştərilərə bu cür yanaşırlarsa, sabah xarici qonaqlara da eyni münasibəti göstərəcəklər. Bu isə, ilk növbədə, Azərbaycanın imicinə mənfi təsir göstərəcək. Yerli müştərilər isə köhnə üsulla, zənglə taksi xidmətlərinə müraciət etməli və ya yolüstü taksi tutmalı olacaqlar. 

Nikita Yudin

Şərh qoy