Hər kəsin çətin məqamları olur. Beynində emosiyalar burulğan edir, qəlbinin dərinliyində isə baş verənləri anlamırsan. Belə hallarda ürəyini boşaltmaq istəyirsən. Dostlar və qohumlar başa düşməyə bilər, sosial şəbəkələrdə isə şərhlərdə rişxənd edə bilərlər. Bəs nə etməli? FRIDAY.az komandasının bu və başqa suallarını Aidə Nəcəfova cavablandırdı, o, hər kəsin öz sıxıntılarını onlayn bölüşə biləcəyi kommunitinin yaradıcısıdır.

— Fleere.com platformasını təsvir edə bilərsinizmi?

— Fleere (feelfreehere)  – psixi vəziyyətiniz, hissələriniz, emosiyalarınız və şəxsi problemləriniz haqqında anonim paylaşımlar üçün platformadır. Başlamaq üçün Daretoshare səhifəsinə keçmək, öz paylaşımına ad qoymaq, kateqoriya seçmək və mətni yazmaq lazımdır. Biz layihənin start versiyasını (MVP) hazırlayanda hər şeyi intuitiv anlaşılan və sadə etməyə çalışmışıq.

— Bu platformanı hazırlamaq ideyası necə yarandı?

— Mən ixtisasca psixoloqam. Xəzər Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilimi Romanın La Sapienza universitetində “Koqnitiv neyroelm” ixtisası üzrə magistratura pilləsində davam etdirmişəm. Təhsil sahəm və başqa ölkəyə köçməyim layihənin yaranmasında əsas rol oynayıb. Başqalarını, əsasən əcnəbiləri müşahidə edərkən onlara necəsə kömək etmək, sıxıntılarını yüngülləşdirmək, ürəklərini boşaltmağa imkan yaratmaq və insanların qəlbində əks-səda tapmaq fikri yarandı.

— Bir psixoloq kimi platforma vasitəsilə sizinlə əlaqə yaratmış insanlara kömək edirsizmi?

— Xeyr, mən istəyirəm ki, kommuniti özü inkişaf etsin və insanlar özləri şərh yazsın, çünki layihənin əsas məqsədi bunlardır. Mən hələ ki, “bir kənarda dururam”, çünki birinə yazıb, digərinə yazmamaq mənim tərəfimdən etik olmazdı. Problem ondadır ki, mənim bir psixoloq kimi köməyim layihənin məqsədi deyil.

— Çoxlu sayda sosial şəbəkələr var. Niyə insanlar məhz sizin platformanızda yazırlar?

— Bizdə daha asandır. Yazı yazmaq üçün heç bir şəxsi məlumat lazım deyil. İnsanlar dinlənilmək istəsələr də, çoxları öz kimliklərini açmaq istəmir, sosial şəbəkələrdə saxta hesab açmaq isə problemin həlli deyil.

— Ola bilərmi ki, sosial şəbəkələrdəki insanların şərhlərdə qeyri-adekvat reaksiyası məhz sizin platformanızda çətinliklərdən yazmağa vadar edir?

— “Şərhlər” elə bizim üzərində işlədiyimiz məsələdir. Biz alternativ istəyirik. Amma bu platforma öz təşvişlərini, sıxıntılarını, həyəcanını, kədər və ağrılarını bölüşmək istəyənlər üçün hesablandığından, düşünürük ki, insanlar burda anlayışlı olmalıdırlar.

— Hazırda ən təşvişli mövzulardan biri koronavirus infeksiyasıdır. İnsanlar platformada bu haqda yazırlarmı?

— Yazırlar, amma tez-tez yox. Bilirsiz, elə məhz koronavirus haqqında sosial şəbəkələrdə qorxub-çəkinmədən yazmaq olar, şəxsi problemlər və ya duyğular haqqında isə eynisini demək olmur.

— İnsanları dünyada baş verən COVID-19 pandemiyası nə qədər narahat edir?

— Platformamızda bu mövzu o qədər də populyar deyil. Çünki “öz məhrəmini” danışmağa vurğu edilir.

— Layihənizi gələcəkdə necə inkişaf etdirməyi düşünürsünüz?

— Hazırda biz daha bir tədqiqat aparırıq. Layihəmizin elmi nöqteyi-nəzərdən kömək etməyi bacarıb-bacarmayacağını bilmək istəyirik. Biz əvvəlcə insanlara ürəklərini boşaltmaq üçün imkan yaradırdıq. İndi isə dəstək və yardım etmək istəyirik. Həmçinin qeyd etməyə dəyər ki, nə qəribə səslənsə də, startap üçün gəlir lazımdır, amma indi layihə monetizasiya olunmayıb, çünki bu, onun əsas məqsədi deyil. Habelə biz gələcəkdə inteqrasiya edəcəyimiz zəruri funksionalı tətbiq etmək barədə düşünürük.

Şərh qoy