Hip-hop mədəniyyəti sadəcə musiqi janrı deyil, həm də 70-ci illərdə işçi sinfi arasında yaranmış mədəni istiqamətdir. Cənubi Bronksda yaranan hip-hop qəlbləri sürətlə fəth edərək, bir çox ölkələrdə gəncliyin mədəniyyətinin bir hissəsinə çevrilib.

Əsl hip-hop sadəcə musiqi və breyk-dansdan daha böyük bir şeydir. O, dünyaya yaradıcılıq vasitəsilə yayılan xüsusi bir həyat fəlsəfəsidir. Bugünkü günə qədər bu istiqamətin çoxlu sayda nümayəndələri əsas prinsipə – bərabərsizliyə və ədalətsizliyə etiraz prinsipinə riayət etməkdə davam edirlər.

FRIDAY.az komandası Azərbaycan hip-hop mədəniyyətinin nümayəndəsi, rep ifaçısı Anar Tağıyevlə söhbətləşdi, o, A.T a.k.a YOUNG XTKR təxəllüsü ilə çıxış edir. Anar bizə Bakının drayvı və yaradıcılıq haqqında, musiqisinin ABŞ-a necə gedib çıxması haqqında danışdı.

– Hip-hop mədəniyyətinə necə gəldiniz?
– Məni hip-hop mədəniyyətinə gətirmiş skeytbordinqlə 4 ilə yaxın, musiqi ilə isə bir il məşğul olmuşam. Ümumiyyətlə, əgər skeytbordinq olmasa idi, mən bu müsahibədə oturmazdım. Təəssüf ki, vaxtımın çox hissəsini təhsilə həsr etdiyim üçün demək olar, sürmürəm.

 

Foto: Emil Shiran

– Siz uşaqlıqdan rep ifaçısı olmaq istəyirdiz?
– Deməzdim ki, uşaqlıqdan. Sadəcə müəyyən bir məqamdan sonra düşündüm ki, hər kəs replə məşğul ola bilər. Mənim nəyim əskikdir? İstənilən bir kəs musiqiçi olub musiqi yarada bilər: sən, mən və bütün yoldan ötənlər, sadəcə bunun üçün istək lazımdır. Əgər istəyin varsa, musiqində demək istədiyin hər şey eşidiləcək.

– Yəni sənətçi olmaq istəyi qəfil yarandı?
– Yox, bu, qəfil arzu deyil. Mənim həyatımda məni ən başından dəstəkləyən yeganə insan nənəm olub. İnanılmaz qadın idi. Biz birlikdə oturub Ice Cub və NWA kimi sənətçilərin musiqisinə qulaq asa bilərdik. O, həmişə bu musiqinin nə haqda olduğu ilə maraqlanırdı, hətta treklərin mənası o qədər yaxşı olmasa belə. Bir dəfə nənəm mənə dedi: “Sən də özünə aid bir şey yaratmağı yoxla. Axı sən də belə bacararsan, bu ki, çox çətin deyil”. Həmin vaxt mənim ingilis dili səviyyəm McDonald’s-a gedən yolu başa salmağa ancaq kifayət edərdi, amma bu, mənə əngəl olmadı. Mən yazmağa başladım. Təxminən elə o dövrdə öz rəfiqəmə səsli mesaj yazdım, fonda isə bit səslənirdi. Onun xoşuna gəldi, mənə başa saldı ki, trek yazmalıyam.

 

– Sizi Amerikada necə dinləməyə başladılar?
– Hər şey mənim 2017-ci ildə ABŞ səfirliyinin dəstəyi ilə Next Level təcrübə mübadiləsi proqramında iştirakımla başladı. O vaxt mən bitboks sənətçi kimi çıxış edirdim. İndi də bitboksla məşğul oluram, amma daha az aktiv. Mən ABŞ-dan gəlmiş bütün hip-hop ustadları ilə tanış oldum və bizim aramızda connect yarandı. Biz, yeri gəlmişkən, hələ də ünsiyyət qururuq. Bir il əvvəl isə mən ilk trekimi buraxanda onlar qiymətləndirdilər və yaradıcılığımı paylaşdılar.

– Öz yaradıcılığınızda hansı ismarıcı çatdırırsız?

– Mən ilk trekimi yazanda güman etmirdim ki, bu, böyük bir şeyin başlanğıcını qoyacaq. İlk vaxtlarda bunlar sadəcə ingiliscə şeirlər idi, onları bit altında oxuyurdum. Düşünürdüm ki, dostlarıma göndərərəm, onlar qiymətləndirər, söhbət də bununla bitər. Amma vəziyyət başqa cür oldu. Əslində mən özümə reper deyə bilmərəm, çünki bu bacarıqları hər kəs özündə inkişaf etdirə bilər. Mən ölkəmiz, burda baş verənlər, dəyər verilməyən istedadlı gənclər haqqında yazıram. Öz fikirlərimi, hisslərimi və emosiyalarımı ifadə edirəm.

– Çıxışınızı və insanların heyranlıq dolu reaksiyalarını görəndən sonra bizə maraqlı gəldi: necə bildiz ki, insanlar sizi bəyənir?
– Next Level proqramına düşənə qədər ümumiyyətlə bilmirdim ki, insanlar qarşısında özümü necə aparmalıyam: səhnədə nə etməliyəm, hara baxmalıyam və necə dayanmalıyam. Məhz bu proqramda mənə hər şeyi öyrətdilər və təfərrüatları izah etdilər. Mən ilk dəfə öz musiqimlə çıxış edəndə hər şey daha asan oldu: səhnəyə çıxdım və bunu etdim. İnsanlar müsbət vibe xoşlayırlar.

 

Foto: Nigina Buranova

– Bakı dinləyicilərində nəyi sevirsiz?
– Biz bir hip-hop hərəkatı kimi insanları birləşdiririk. Bundan əlavə, mən XƏTƏKƏR STREET DIVISION təşkilatının üzvüyəm və əvvəllər tədbirlərimiz az olsa da, indi biz tez-tez görüşməyə çalışırıq və bu istiqamətdə var gücümüzlə çalışırıq. Yayda biz Barrel Playground-da Big Game 2019 / Skate Contest keçirdik, indi isə Green Loft-da tədbir üzərində işləyirik. Bizim əsas məqsədimiz bütün uşaqları təkrar toplamaqdır. Bizim daima əlaqədə olmağımız çox vacibdir, çünki nə qədər çox ünsiyyətdə oluruqsa, bir o qədər faydalı məlumat, təcrübə, hətta enerji bölüşürük. Əgər öz yanında hip-hip biti ilə həmahəng döyünən çoxlu qəlbləri hiss edirsənsə, deməli, dəlicəsinə emosiyalar və müsbət enerji əldə edirsən.


– XƏTƏKƏR STREET DIVISION nədir belə?

– XƏTƏKƏR – ağlasığmaz hərəkətlər edən və heç bir məsuliyyət daşımayan insandır. Mən bunu azadlıq hesab edirəm. Bizim hərəkətlərimiz tam azaddır. Əsas tərkibimiz Elxan Məcidovdan (DJ BADHABIT), məndən, Cavid Məliklidən (operator və skeytbordçu) və Fuad Zeynallıdan (menecer) ibarətdir. Bizi həmçinin çoxlu yaxşı uşaqlar dəstəkləyir.

Foto: Javid Malikli

XƏTƏKƏR ideyasının özü çoxdan, Fuad və onun dostu Əfsar sayəsində yaranıb. Onlar gecələr çölə çıxaraq qraffiti çəkirdilər və öz işlərinin altında XƏTƏKƏR teqini qoyurdular. Daha sonra onlar dağıldılar və bu ideya unuduldu. Amma bir dəfə Fuadın evində üçümüz yığışanda mən dedim ki, treklərimi yazdırmaq üçün maliyyə dəstəyinə ehtiyacım var. Beləcə biz yarandıq. Uşaqların sayəsində mən öz treklərimi yazdım. Məqsədimiz – Azərbaycan hip-hopunu inkişaf etdirməkdir. Bizi ümumi maraqlar birləşdirir və bu, sözügedən mədəniyyətə sevgidən daha böyük bir şeydir. Bizim bu mədəniyyəti irəli aparmaq arzumuz çox böyükdür. Biz hər kəsdə bir qığılcım oyadırıq. Çünki XTKR – yeni dalğadır.

– Yeni başlayan ifaçıya verə biləcəyiniz 5 məsləhət hansıdır?
– Salam, yeni başlayan ifaçı. Mən də sənin kimiyəm – yolun düz başlanğıcında. Özümü möhtəşəm ifaçı adlandıra bilmərəm, amma deməyə sözüm var: trenddə olanı yox, ürəyinlə hiss etdiyini elə! Dost, sən çalışmalısan ki, musiqinin instrumental hissəsi tamamilə sənə məxsus olsun. İndi çoxları Yutubdan pulsuz bitlər götürür, amma müəllif öz hüquqlarını bəyan edəndə bunun axırı pis bitə bilər. Hə, razıyam, səslənişi yaxşıdır, amma bununla özünə sərhədlər qoyursan. Mənim musiqim tamamilə mənə məxsusdur, sən də bunun üçün səy göstərməlisən. Mənim beş məsləhətim yoxdur, sadəcə öz fərqlənən musiqini yarat. Və bəli, öz ölkəni alçaldan treklər yazmaq yaxşı bir şey deyil, çünki onun heç bir günahı yoxdur. Baxmayaraq ki, mən özüm də bundan keçmişəm. Sözün açığı, insanları həvəsə gətirə bildiyimə məəttələm. Bu yaxınlarda mənə bir oğlan müraciət etdi, o dedi ki, öz trekini yazmaq istəyir və mən ona musiqi yazmaq üçün “motivasiya vermişəm”. Hərarətli sözlər eşidəndə dərk edirsən ki, sən də bunda rol oynamısan, hətta trek uğursuz alınsa da. İstənilən halda bu, fəxr mənbəyidir.

– Sizə tez-tez dəstək sözləri yazırlar?
– Elə də yox, amma xaricdən dəstək alanda çox məmnun oluram. 2018-ci ildə bizə Wordsmith təxəllüsü ilə çıxış edən reper Anthony Parker gəlmişdi. Biz indiyə qədər dostluq edirik. O, mənim işlərimlə, musiqidə uğurlarımla maraqlanır və yeri gəlmişkən, hər ehtimala qarşı, mənə instrumental musiqi göndərmişdi. Yayda mən özümün 5 trekimi buraxanda Entoni öz arzularını yazdı, hörmətini ifadə etdi və doğum günümün nə vaxt olduğunu soruşdu. Uzun-uzadı öyrənməyə çalışırdı ki, mən nə istəyərdim, özü də elə bir hədiyyə olsun ki, Azərbaycanda tapılmasın. Mənə onu xatırladacaq bir hədiyyə vermək istəyirdi. Mən ondan heç nə istəmədiyimi eləcə də dedim. Konsertlərlə, turlarla, studiya yazıları ilə məşğul olan, üstəlik, orkestrla çıxış edən bir insan Azərbaycana zəng vurub işlərimin necə olduğunu öyrənməyə vaxt tapır. Bu, mənim üçün çox şey ifadə edir. Lakin o, israrlı idi və yadına saldı ki, bir dəfə mən onun Nike Jordan ayaqqabılarını bəyənmişdim. Axırda o, həmin ayaqqabıları mənə göndərdi.

Foto: Nigina Buranova

– Siz ingilis dilində musiqi yazırsız. Rus və ya Azərbaycan dillərində çıxış etməyi planlaşdırırsızmı?
– Mən özüm üçün rus dilində yazıram, amma bunu paylaşmağı düşünmürəm. Bəlkə hansısa bir sinql buraxaram, amma başqa təxəllüslə, ona görə ki, A.T – Azərbayanda ingilis dilində musiqi yazmaq uğrunda mübarizədir, çünki insanlar buna qarşıdır.

– Bu, bir növ, cəmiyyətə meydan oxumaqdır?

– Əvvəlcə bu mənim özümə meydan oxumağım idi. Mən bunu edə bildim. İnsanlara çatdırmaq istəyirəm ki, bizim ölkəmizdə xarici dildə musiqi olmalıdır. Mənim afroamerikalılarla çıxış etmək təcrübəm böyükdür. Mən bitboksun yaradılmasında böyük rol oynayan və onu şərq sahilində təşviq edən şəxslə ünsiyyətdə olmuşam – o, tarixi insan Derik Krossdur. O, mənə hip-hop haqqında, Bronksu necə “işğal etdikləri” haqqında hekayələr danışırdı. Onun təxminən 50 yaşı var və ondan çox şey öyrənmişəm. Çoxları məni ciddiyə almır, amma mən musiqiyə özümü, bütün qəlbimi və ürəyimi, öz emosiyalarımı qoyuram. Mən bir çox yerli sənətçilər kimi pul dalınca qaçmıram, çünki əsl hip-hop pul məsələsi deyil. O, əlbir olmaq və birlikdə yaratmaq haqqındadır, çünki fəlsəfəmiz budur ki, biz bir ailəyik. Biz bir-birimizə kömək edirik və irəli aparırıq. Əlbəttə, mən də pul qazanmaq istəyirəm,  amma mənə hip-hop ailə tərəfindən həmfikirlərimiz üçün təşkil edilmiş şənliklərdə pulsuz çıxış etmək daha vacib, xoş və möhtəşəmdir, nəinki bir neçə min manata Crystal Hall-da çıxış etmək.

 

Foto: Nigina Buranova

– Özünüzün xüsusi həyat qaydanız, öz fəlsəfəniz varmı?
– Nənəm mənə həmişə deyərdi: “Beş günlük dünyadı. Sevmədiyin şeyə niyə vaxtını sərf eləyəsən ki?” O, həmişə bunu mənə xatırladırdı ki, ürəyim istəyən şeylə məşğul olum, ölüm ayağında peşmanlıq çəkməyim. Həyata bir dəfə gəlirik və mən hesab edirəm ki, öz dəyərli vaxtımızı sevmədiyimiz şeylərə sərf etməməliyik. Bizi həqiqətən xoşbəxt edən şeylər uğrunda mübarizə aparmalıyıq.

– Sizin təsəvvürünüzdə sevgi nədir? Aşiqsinizmi?
– Mən öz yaradıcılığım haqqında müsahibədə bu sualı heç gözləmirdim. Xeyr, aşiq deyiləm. Özümü ürək-könül işlərindən uzaq tutmağa çalışıram, çünki indi mənim bütün diqqətim ailə, təhsil və karyeramda cəmləşib. Bəli, bəzən münasibətlərlə başlamaq fikri gəlir, amma özümü tez ayıldıram. Hərçənd mən sevgiyə inanıram. Bu, iki insanın qəlbən birləşməsidir. Mənə görə sevgi bir işarədən bir-birini başa düşməkdir. Ən əsası, birlikdə olmaqdır, qalan hər şeyin öhdəsindən gəlmək mümkündür.

https://soundcloud.com/xtkronthemic

Müəllif: Nigina Buranova

Şərh qoy