2020-ci ilin ilk günlərindən başlayaraq, 6 aydır davam edən
“COVİD-19” virusu dünyada bir çox standartı və tendensiyanı dəyişdirib. Bunlardan biri də məktəblilərin
ən əziz günlərindən biri kimi, kütləvi olaraq
keçirilən “Son Zəng” silsilə tədbirləridir.
Hər bir abituriyent başa düşürdü ki, bu tədbir online şəkildə həyata keçirilməli olacaq. Düzdür, virtual,
uzaq, təmassız olan bu tədbirlər ənənəvi son zəngin yerini verə bilməzdi, amma dünyanın qlobal
problemi olan COVİD-19
təhlükəsinə qarşı ediləcək ən təhlükəsiz yol məhz bu idi.
Biz də virtual Son Zəngin
gənclərdə necə təəssürat yaratdığını öyrənmək qərarına gəldik. Gəlin, abituriyentlərin düşüncələrini
öyrənək…
Yevlax rayonu 1 saylı orta məktəbin 11 a sinif şagirdlərinin təəssüratları;
“Virtual Son Zəngin pis
və yaxşı tərəfləri oldu. Pis tərəfi o idi ki, müəllimlərimizdən
təltif ala bilmədik, təmtəraqlı şənlik olmadı və yaxınlarımız bu
şənliyə qatıla bilmədi. Biz isə karantinin gedişatından belə olacağını bilirdik. Təbii ki, bunu yaşayan tək biz
deyildik, təəssüf hissimiz çox olsa da, bunu özümüzə dərd etmədik. Sinfimizlə əyləncəli vaxt keçirtdik,
eyni zamanda, internet üzərində danışmaq çox xoşumuza gəlmişdi. Bizim üçün fərqli və yadda qalan
hadisə oldu…”
11 a sinifinin düşüncələri demək olar eyni idi deyə, onların hamısını təqdim etmirik.
250 nömrəli tam orta məktəbin 11 b sinif şagirdi Lalə Salman;
“Əslində, mənim xatirimdə yaxşı qaldı. İlklərə imza atdıq. Düzü, istərdim, tədbirimiz təmtəraqlı olsun,
bütün məktəbə, gələcək məzunlara sinfimizi, məktəbimizi, uğurlarımızı göstərib, o qapıdan sonuncu dəfə
çıxaq, amma belə alındı və bütün bunlar xəyalımızda qaldı. Nə yalan deyim, heyifsilənirəm… Amma,
dediyim kimi, nə olur olsun, həyat davam edir, əsas odur, sinif yoldaşlarımı, müəllimlərimi sağlam
gördüm-uzaqdan da olsa. Bu görünütlər isə beynimdə ağır günlərimizin yaxşı xatirəsi kimi qaldı. Tezliklə
bu bəla başımızdan getsin, biz də son zəngimiz, ailəmiz olan məktəbimiz,
müəllimlərimiz üçün doya-doya oynayaq…”
Şagirdlərin fərqli- fərqli düşüncələri oldu. Reallıq budur ki, ilk virtual “Son Zəng”i qeyd etmək 2020-ci ilin
məzunlarına təsadüf etdi. Məzun olan bütün şagird və
tələbələrimizi təbrik edib, hər birinə uğurlu həyat diləyirik. Hər birimiz yaşadığımız dünyanın tezliklə
əvvəlki halına qayıtmasını səbirsizliklə gözləyirik…

Şərh qoy