Poeziya nədir?
Poeziya yaşamaqdır. Deyəcəksiniz ki, hər kəs yaşayır. Amma şeirlə yaşamaq tamam fərqli hadisədir. Şeirlər insanı bütün dövlərdə yaşadar.
Müxtəlif zamanların ən yaxşı, hətta ən fərqli qələmə
sahib şairlərini bilirik, bəs, indi necə?
Gəlin, tanıyaq;
1) Günel Mövlud-1981-ci ilin 9 oktyabrında Cəbrayıl
rayonunun Mehdili kəndində doğulub.
2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri
mətbuatda yazıları çap olunur. “Alma” qəzetinin əməkdaşı olub. 2006-cı ildə
“Qaranlıq və ikimiz”, 2010-cu ildə “5XL-Bu bir bədən ölçüsüdür”, 2013-cü
ildə isə “Axşam çağına cavab” adlı şeir kitabları işıq üzü görüb. Sonuncu
kitabı-“Axşam çağına cavab” həbsdə olan 7 “N!DA”-çı gəncə həsr olunub.
Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata
sədr seçilmişdir.

Günel Mövlud
“Ən gözəl qadınlar qocalır…”
Salam, şair, darıxıram, bu təklik
Yenə məni üzüyumşaq tanıdı.
Yenə payız, yenə soyuq, yenə mən,
Yenə yerim sobaların yanıdı.
Hələ sənə demədiyim bir gerçək,
Hələ sənə açmadığım yalan var.
Düz bir ildi, yuxu yata bilmirəm,
Qorxuram ki, yastığımda ilan var.
Ağ tük tapdım arasından saçımın,
Qoparmadım, saxlamışam, çoxalsın.
Otuz ildə cavan qalıb neylədim?
Canı çıxsın saçlarımın, qocalsın!
Gəl bir gün oturaq qədəh-qədəhə
Görək, göz yaşından nə qalır, şair, İçimdə ən məsum mələklər ölür,
Ən gözəl qadınlar qocalır, şair!
2) Səddam Laçın-ADU-nun ən fəal tələbələrindən olan Səddam Laçın
universitetdə fəaliyyət göstərən “Yazarlar klubu”nun sədridir. O, ötən il universitetdə keçirilən “Bir günlük xəlifə” layihəsi çərçivəsində rektor
vəzifəsini uğurla icra edib. Səddam Laçın imzası ilə şeir və yazıları
mətbuatda silsilə şəkildə dərc edilir. Qeyd edək ki, “Sən”in tərifi” adlı şeirlər
toplusu müəllifin ilk nəşr olunan kitabıdır.

Səddam Laçın
Qadınsan
Yaman kövrək olmuşam ürəyim dərd tapalı,
Bir bəhanə tap, qayıt, sən ki gözü qapalı
İnandığım qadınsan.
Heç kəsim yoxdur axı, dərdimi ovutmağa,
Göz-gözə gəlmək nədi, əllərindən tutmağa
Utandığım qadınsan.
Sən ayrısan, əzizim, ifadə etmək olmur,
Gözlərindən uzağa gördüm ki, getmək olmur,
Dayandığım qadınsan.
Səndə həqiqət tapıb, inanmışam sevgiyə,
Hər doğulan günəşlə daha çox sevim deyə,
Oyandığım qadınsan.
3) ElRoman-Elroman Elçin oğlu Əlizadə 2000-ci ildə doğulub. Azərbaycan
Dillər Universiteti Filologiya fakültəsinin 3-cü kurs tələbəsidir. “Sənsizliyin
baş hərfi” adlı şeir kitabının müəllifidir.

ElRoman-Elroman Elçin oğlu Əlizadə
“Qafqazın Milenası”
Hardan biləsən axı, Nizami küçəsində
səni nəzm edə-edə
gəzişməyin dadını?
Günah ikimizdədi, deyəsən, səhv salmışıq
sevməyin dadı ilə
sevişməyin dadını.
Uzaqsan, aydındı bu, bir şey aydın deyil ki,
görəsən neçə şəhər,
görəsən, neçə ölkə?
Hər hara gedirsənsə, sal izini yollara,
Sən keçdiyin yollardan
Ağrım da keçdi bəlkə.
Ortaq tanışımızın üz döndərib hamısı…
sən gedəndə qış idi,
daha yazdı, Milena.
Təsadüfi deyil ki, ortaq nöqtələrimiz
ortaq tanışımızdan
daha azdı, Milena.
Səni al yanağına and verirəm, nəbolar,
Qulağın bayram etsin
bir küləyin səsində.
Qəribəsi budu ki, səni nəzm etmək olur,
Səni həzm etmək olmur
Nizami küçəsində…
Səni Kür qırağına and verirəm, tez qayıt,
Yaşın da o yaş deyil,
yeri yoxdu kürlüyün.
Özgürlük heykəlinə and verirəm, özün seç,
Ya mənim qısqanclığım,
Ya sənin özgürlüyün…
Səni Qafqaz dağına and verirəm, biləsən,
Qafqazın çiçəkləri
qurudulmur, Milena.
Kafkanın Milenası unudular bəlkə də…
Qafqazın Milenası
unudulmur, Milena!
4) Bahar Zamanı -Bir yazıda oxumuşdum, o, saçına yazdığı ağılarla tanınır. Mediadan qaçır, tədbirlərdən uzaq durur, kitab çap etdirmir, görüş günləri, imza
günləri, müzakirə günləri keçirmir. Bu ucsuz-bucaqsız kainatın
bap-balaca bir küncünə qısılıb elə gözəl şeirlər yazır ki, oxuyanlar bir də
oxuyur, sonra bir də…

Bahar Zaman
“Sən hələ balacasan… ”
Sən hələ balacasan…
hələ öpülməyib dodaqların.
Hələ səni səhər yuxusunda
tərk etməyib qonaqların.
Sən hələ bilmirsən
nağıllardakı üç alma hara düşdü?!
Sənin poza biləcəyin qanun
elə kitablardan oxuduğun
“yerin cazibə qüvvəsi”di
Sən hələ bilmirsən ki,
“itələmə qüvvvəsi” də qanundu…
və yer
bizim hamımızı bir-bir itələyir.
Sən hələ balacasan… sən bilmirsən daş atıb,baş tutmaq
həyatla məzələnməkdi.
Sən bilmirsən ki, yaşaya bilməmək
elə ölmək deməkdi.
Sənin hələ ağ gəlinlik ümidin də var,
sənin hələ xoşbəxtlik adlı nağılın…
onlar da olacaq, ağıllım!
Bəs sonra…?
Sonra bir otağa pəncərə olacaqsan,
bir evə xalı,
bir divara rəsm,
bir adamın ünvanı,
bir ailənin ən rahat divanı.
Sonra sən unudacaqsan
adını, yaddaşını
və tanrıya küsüb,
öz istədiyin kimi çəkəcəksən
gözünü, qaşını.
Sən hələ balacasan…
hündürdaban ayaqqabılar kəsməyib ayağının nəfəsini.
Bilmirsən o ayaqqabılardan yıxılmaq
elə intihar deməkdi.
Sən hələ bilmirsən ki,
qırmızıya boyanmış saç
ölümü gözləməkdi.
Hələ varsan, hələ qanadların var.
Hələ uçmağa göyün,
qonmağa ağacın var.
Hələ anan, atan,
qardaşın var, bacın var.
Bilmirsən ki,
quşlar qanadlarından ölürlər.
Bilmirsən ki, quşlar öləcəklərini
hələ güllə açılmamış bilirlər.
Sən hələ balacasan…
sıxa bilərsən dünyanı ovucunda.
Baxa bilərsən günəşə gözünü qırpmadan.
Sənin hələ arzuların var
bir”çemodan”.
Kirlənmiş duyğular qalmır, balaca!
Hər gün bir az daha bulanacaq
əllərin günaha.
Bu elə bir günah ki,
saçını qırxsan da
getmir…
lap darıxsan da…
Sən hələ balacasan
və hələ bilmirsən ki,
göz yaşları ürəyin maye halıdı
gözündən axar ürəyin.
Bir gün infarkt deyirlər adına,
amma axırına çıxar ürəyin.
Sən hələ balacasan…
bax əllərimdə kəndir gətirdim sənə,
….
Bəlkə elə, belə qalasan…?!
5) CəlilCavanşir-azərbaycanlı yazıçı, tərcüməçi, ssenaristdir. Yaradıcılığa
2004-cü ildə başlayıb və bu günə qədər davam edir. 11 adda kitabı çap
olunub. 10-dan çox tərcümə əsəri var.

CəlilCavanşir
“Məni bərk-bərk qucaqla…”
İkimiz də gileyliyik–taledən, sevgidən, adamlardan
bir daha bataq günaha, sonra tövbə edərik
insanlar unutqansa, biz niyə ruhdan düşək?
Gəl, yenidən ağlayaq, əzab çəkək,
gəl, bir daha aldanaq, doktor
sonra yenə yorulaq,
sonra bezsək, gedərik…
gəl, bir də bataq günaha, sonra tövbə edərik….
səni sadəcə gözəl gülüşlərinə görə sevə bilərəm,
və bəlkə də
səni sadəcə gözəl gülüşlərinə görə sevirəm…
bilmirəm,
səndən sonra nə olacaq,
düşünmürəm,
səndən öncə kim varsa, unutmuşam, özüm də yaddan çıxmışam, doktor
özüm də unudulmuşam…
Mən indi üzgünəm və ruhum paramparçadı…
İndi o dərin baxışlarının dolanbacında aza bilərəm.
Sənin oyaq qaldığın, ağladığın bütün gecələrə,
keşik çəkə bilərəm, doktor.
Sənə şeir yaza bilərəm…
Bu gün anladım ki, doktor
Məni bu sərsəri ömrün sonuna sən ötürə bilərsən…
Heç vaxt mənim olmayan xoşbəxtliyi
gətirə bilərsən…
Mənə bir az ümid ver, yaşamaq yox, yaşlanmaq üçün…
Bircə sözün bəs edər
Həyata bərk-bərk tutunmağa,
Bircə gülüşün bəs edir,
Hamını sevməyə…
Səni sevdim ki, dəyişim,
Sevdim ki, ümidim olsun həyata bağlanmaq üçün…
Müəllif: Könül Cəfərova

Şərh qoy