Hazırda biz özünütəcriddə yaşayırıq. Boş qalmış şəhər və qoruyucu kostyumda gəzişən insanlar, — bütün bunlar üzücü və gərgin mənzərə yaradır. Lakin əleyhqazda və xüsusi geyimdə hərarətli rəqsi ilə sevimli şəhərimizin obrazını canlandıran bir qoçaq tapılıb. Qarşılayın, videoçarxın baş qəhrəmanı — Yeqor Anisimov. O, FRIDAY.az komandasına öz orijinal yaradıcılığı haqqında məmnuniyyətlə söhbət açdı. 

— Şəhərdə əleyhqazda peyda olmağınız “Stalker” oyununu xatırladırdı. Siz bu qərara necə gəldiniz? 

— İdeya qəfildən yaranıb. Maskalı insanın kənardan necə göründüyünü göstərmək istəyirdim. Hərçənd, mütəxəssislərə inansaq, indiki halda o, tamamilə yararsızdır. Mən də qərara gəldim ki, şəhərdə gəzişim və insanların reaksiyalarını kameraya çəkim. Effekti gücləndirmək üçün isə maska əvəzinə əleyhqaz taxmağı qərara aldım. Kifayət qədər əyləncəli idi. Birinci çarxda mən məyus-məyus asfaltı sulayan dezinfektorlarla qarşılaşdım. Elə onda ideya yarandı ki, mənzil-təsərrüfat idarəsinin bikef işçisini “rəqs maşınına” çevirim. 

— Bir çox videoçarxlarda siz əla rəqs edirsiz. Bununla peşəkar məşğul olursuzmu? 

— Bəli. Mən 25 illik stajı olan peşəkar rəqqas və xoreoqrafam. Həmçinin The Legend Dance Studio-nun direktoruyam və orada uşaqlar üçün rəqs dərsləri keçirəm, toy və korporativlər üçün fleşmoblar və son zəng üçün rəqslər hazırlayıram. 

— Əleyhqaz və qoruyucu kostyumu hardan tapdınız?

— Öz Feysbuk səhifəmdə paylaşım etdim ki, əleyhqaz və qoruyucu kostyum axtarıram. Mənim dost-tanışlarım çoxdur. Elə səhəri gün mənə yeni filtrli əleyhqaz gətirdilər, bir qədər sonra isə xüsusi geyimi. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. 

— Gözləyirdinizmi ki, çarxlar belə çox baxış sayı toplayacaq? 

— Xeyr, qətiyyən gözləmirdim… Amma videonu Feysbuka yükləyəndə müsbət şərhlər və repostlar başladı, çox məmnun qaldım. 

— Bu cür yeni videolar çəkməyi düşünürsünüzmü?

— Bəli, əlbəttə. Dayanmağı düşünmürəm. Belə ki, planlarımda belə videolar çoxdur, dostlar davamını istəyir və mən də əlbəttə ki, edəcəyəm. 

Əleyhqazda və qoruyucu kostyumda Nizami küçəsində rəqslər:

Banka gediş:

ШОК! Что делают дезинфекторы вне работы! СМОТРЕТЬ ДО КОНЦА!

Gepostet von ЕГОР АНИСИМОВ am Sonntag, 12. April 2020

Müəllif: Davud Qasımov.

Şərh qoy